Ukraynalı ekspert: “Ermənistan-Azərbaycan silahlı qarşıdurmasının növbəti mərhələsi qaçınılmazdır”
44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycanın zəfər yürüşünün qarşısında tab gətirə bilməyərək diz çökməsi və nəticədə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan-Rusiya-Ermənistan arasında üçtərəfli atəşkəs bəyanatının imzalanması ilk əvvəl belə nəticəyə gəlməyə zəmin yaradırdı ki, artıq düşmən öz acı taleyi ilə barışıb və nəhayət münaqişəyə birdəfəlik son qoyulacaq.

Düzdür, münaqişə bitmiş hesab olunur və müharibə nəticəsində darmadağın edilmiş erməni ordusunun yenidən baş qaldırmaq şansı sıfıra bərabərdir. Lakin bu gün istər Ermənistanda, istərsə də Qarabağda mövcud olan revanşist qüvvələr uğradıqları sarsıdıcı məğlubiyyətləri ilə barışmadıqlarını bu və ya digər şəkillərdə bəyan edirlər.
Hətta daha əvvəllər Ermənistan hakimiyyətinin yuxarı eşalonunda yer alan siyasi dairələr revanşın ağır nəticələrə səbəb olacağını deyirdilərsə, indi bu zümrə tərəfindən də müharibə qoxusu verən fikirlər səsləndirilməyə başlanılıb. Misal üçün, Azərbaycanın sülh sazişi imzalamaq təklifləri rədd edilir, düşmən hansısa qəbulounmaz şərtlərini irəli sürür, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi isə demək olar ki, dalana dirənib.
Laçında döyüş səviyyəsinə yaxın təlimlərin keçirilməsi...
Ancaq onu da unutmamalıyıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağ münaqişəsinin başa çatması ilə bağlı çoxsaylı çıxışlarında bəyan və xəbərdarlıq edib ki, əgər erməni tərəfi bir daha işğalçılıq niyyətlərini ortaya qoyarlarsa, “dəmir yumruq yerindədir” və düşmən hər an əvvəlkindən də ağır zərbələrə məruz qalaraq bu dəfə tamamilə məhv ediləcək.

Məsələn, o da əbəs deyil ki, Azərbaycan Ordusunun şəxsi heyətinin sayı və müdafiə xərcləri artırılır, o cümlədən, silah arsenalının, maddi-texniki bazaların, təchizatların yenilənməsi prosesi sürətlə aparılır. Həmçinin, Azərbaycan Silahlı Qüvvələri plana uyğun olaraq döyüş səviyyəsinin artırılması istiqamətində istər ayrılıqda, istərsə də qardaş Türkiyə ilə birlikdə hərbi təlimlər həyata keçirir.

Buna misal olaraq, Türkiyənin Konya şəhərində Hərbi Hava Qüvvələrimizin qardaş ölkənin “Şahinləri” ilə birlikdə “TurAz” təlimlərində iştirakını, Bakıda və Laçında döyüş səviyyəsinə yaxın təlimlərin keçirilməsini, habelə Azərbaycan-Türkiyə-Pakistan Silahlı Qüvvələrinin Qarabağda keçirəcəkləri “Üç qardaş” hərbi təlimlərini göstərə bilərik.
O cümlədən, hazırkı dövrə qədər də Azərbaycan və Türkiyə Silahlı Qüvvələri, həmçinin qardaş Pakistan dəfələrlə bu kimi hərbi hazırlıq təlimləri keçirərək, öz peşəkarlıqlarını artırıblar. Bütün bunlar isə əlbəttə ki, bir amili ortaya çıxarır – hər an, hər saniyə düşmən tərəfindən başladıla biləcək silahlı təxribatların qarşısını almaq.
Səbri tükənməyə başlayan Bakı antiterror əməliyyatlarının başlaması üçün qırmızı düyməyə basacaqmı?
Cərəyan edən hadisələrin fonunda isə biz Qarabağda qanunsuz erməni silahlılarının yenidə baş qaldırmalarının, bunun müqabilində isə imzalanmış üçtərəfli bəyanata rəğmən onun bir sıra tələb olunan bəndlərinin pozulmalarının şahidlərinə çevrilirik. Əbəs deyil ki, noyabrın 10-dan sonra düşmən tərəfindən hərbçilərimizə qarşı dəfələrlə (!) təxribatlar törədilib və onların qarşısı alınıb. Bu zaman istər-istəməz sual yaranır – Qarabağda yeni eskalasiya gözlənilirmi? Səbri tükənməyə başlayan Bakı antiterror əməliyyatlarının başlaması üçün qırmızı düyməyə basacaqmı?
Bir sıra hərbi və siyasi ekspertlər geniş miqyaslı hərbi əməliyyatların baş verməyəcəyini desələr də, lokal antiterror əməliyyatlarının start götürəcəyini də istisna etməyənlər var.
Mixail Jiroxov: “İrəvan hər gün hərbi ritorikasını davam etdirir”

SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı Ukraynanın hərbi eksperti Mixail Jiroxov caliber.az-a açıqlamasında deyib ki, 44 günlük müharibənin birinci ildönümü günü yaxınlaşdıqca, onun dərin düşüncəsinə görə, hər iki münaqişə tərəfi onun həll olunmasından uzaqdadır və buna fərqli şəkildə hazırlaşırlar.
“Əgər Bakı demək olar ki, hər gün Qarabağın işğaldan azad edilmiş ərazilərində infrastrukturların bərpa olunması ilə bağlı xoş xəbərləri ilə sevindirirsə, İrəvan əksinə, hər gün hərbi ritorikasını inkişaf etdirir”, deyən ukraynalı hərbi ekspertin sözlərinə görə, rus sülhməramlıları erməni və azərbaycanlı silahlı qüvvələrinin təmas xətlərində kifayət edəcək qədər uzun müddət qala bilməyəcəklər.
“Deməli, Ermənistan-Azərbaycan silahlı qarşıdurmasının növbəti mərhələsi praktiki olaraq qaçınılmazdır”, Jiroxov bildirib və qeyd edib ki, bu gün Ermənistan raket potensialının gücləndirilməsi, ya da ordusunu kiçik kalibirli havadan müdafiə raketləri ilə təchiz etməsi baxımınan nəhəng vasitələrə və zamana malik deyil.
Eldar Namazov: “Azərbaycanın xüsusi xidmət gücləri separatçılara elə bir dərs veriblər ki, ermənilər bu informasiyanı yaymağa cürət etməyiblər”

Azərbaycanlı ekspert və politoloqlar da belə davam edə bilməyəcəyini, düşmənin əvvəl-axır və birdəfəlik yerində otuzdurulacağını istisna etmirlər. Belə ki, politoloq Eldar Namazov İctimai TV-yə verdiyi proqnozunda maraqlı bir fakta toxunub. “Bugünlərdə Azərbaycanın xüsusi xidmət gücləri separatçılara elə bir dərs veriblər ki, ermənilər bu informasiyanı yaymağa cürət etməyiblər. Hər kəs bilməlidir ki, bizim Ordumuz mövqelərində möhkəm dayanıb və Qarabağın cəbhə xəttindəki vəziyyət birmənalı olaraq Azərbaycan hərbi birləşmələrinin nəzarəti altındadır”, deyən politoloq da kifayət qədər ehtimal edir ki, düşmən ağıllanmazsa, ona əvvəlkindən də ağır zərbələr endiriləcək.
Beləliklə, fakt budur ki, son proseslər əslində “bıçağın sümüyə dirənməsi” aqrumentini ortaya çıxarır və söz yox ki, regionda sülhün, inkişafın birdəfəlik əldə olunması istiqamətində hər an antiterror əməliyyatları başlaya bilər. Əks halda, istər Ermənistandakı dairələr, istər Qarabağdakı separatçı-quldur xunta rejimi, istərsə də onların havadarlarının ayaqlarının “yer alması” mümkündür və bu mümküniyyatın qarşısının alınması üçün şanlı, müzəffər Azərbaycan Ordusu hər an hazır vəziyyətdə dayanıb və hədəfini nişan alıb.
Rövşən RƏSULOV