"Rusiya yaddan çıxartmamalıdır ki..." - DEPUTAT ŞƏRH ETDİ

8 Sentyabr 2021 10:34 (UTC+04:00)

"Rusiya sülhməramlıları 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən Azərbaycana gəlmiş və sülhməramlı misiyasını yerinə yetirməli idilər. Rusiya sülhməramlıların sülhməramlı missiyası bölgədə sabitliyin, təhlükəsizliyin və birgə yaşayışın təmin edilməsinə yönəlməli, üçtərəfli bəyanatda nəzərdə tutulan 9 maddənin bütün bəndlərin icrasına məsul olmalı idi. Amma nə baş verdi? Demək olar ki, sülhməramlılar sülhməramlı missiyasına aid olmayan hərəkətlərlə məşğul oldular". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, erməni silahlı birləşmələri sülhməramlıların yerləşməsi ilə paralel olaraq Qarabağdan çıxarılmalı idi: "Amma təəssüf ki, bunun əksi olaraq müxtəlif yollarla erməni hərbçilərin yenidən Qarabağa gəlməsinə şərait yaradıldı. Təbii ki, belə məsələlər sülhməramlıların missiyasına daxil deyildi. Sülhməramlıların Qarabağda məşğul olduqları digər məsələlər də var ki, bunlar ermənilərin yenidən müharibəyə ruhlanmasına və revanşist çağırışların səsləndirilməsinə xidmət edir".

Deputat sözlərinə davam edib: "Faktiki deyə bilərik ki, Rusiya sülhməramlıları ermənilərə dayaq dayanması üçün gəlmiş oldu. Qarabağda yerləşdirilmiş sülhməramlıların komandanı Rüstəm Muradov öz missiyasını başa vurur. Onun yerinə yeni komandan təyin olunacaqdır. Yeni komandanın təyini də sülhməramlıların qanuna zidd hərəkətlərində nəsə bir yeniliyin yaradacağını düşünmürəm. Çünki sülhməramlıların komandanı kimin olmasından asılı olmayaraq həyata keçirilən fəaliyyətin tərtibatı və istiqamətləri Moskvadan müəyyənləşdirilir. Komandan isə, sadəcə, əmrin icraçısıdır. Biz çox arzulayardıq ki, Moskvadan sülhmərəmlıların qarşısına qoyduqları vəzifələri sülhün yaranmasına və üçtərəfli bəyanatda nəzərdə tutulmuş maddələrin icrasına xidmət etsin və birtərəfli mövqedən çıxış etməsin. Rusiya yaddan çıxartmamalıdır ki, sülhməramlılar Azərbaycanın ərazisində yerləşdirilmişdir. Ona görə də sülhməramlıların komandanının missiyasının başa çatması ilə bağlı görüşü ancaq Ermənistanın müdafiə naziri ilə yox, Azərbaycanın müdafiə naziri ilə də olmalıdır. Əgər Rusiya sülhməramlı missiyasında ədalətli mövqe sərgiləyərsə, bölgəyə uzunmüddətli sülh və təhlükəsizlik qısa bir zamanda gələr".

Ayşən Vəli