"Ermənistan Azərbaycanla əməkdaşlıq üçün addımlar atmalıdır" - POLİTOLOQ ŞƏRH ETDİ

7 Sentyabr 2021 17:03 (UTC+04:00)

“Son aylar Ermənistan-Azərbaycan sərhəddində, eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşmiş Rusiya sülhməramlılarının nəzarət bölgəsində mövcudluğunu hələki qoruyub saxlayan Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətli təxribatlara və atəşkəsin pozulması hallarına cəhdlər edilir. Hesab edirəm ki, bu Ermənistan və qismən Rusiya tərəfindən üzərlərinə götürülən öhdəliklərə məsuliyyətsiz yanaşmanın nəticəsidir. Çünki, 10 noyabr bəyanatı ilə tərəflərin üzərinə götürdükləri öhdəliklər kifayət qədər dəqiqliklə müəyyən edilib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloqun sözlərinə görə, hətta, arbitor rolunda çıxış edən Rusiya tərəfinin də öhdəlikləri aydın şəkildə və bu səlahiyyətlərin dəqiq çərçivələri müəyyən olunmaqla ifadə olunub: “Bu günə qədər Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, təəssüf ki, Ermənistan və bəzi hallarda Rusiya tərəfi ya bu öhdəlikləri görməzdən gəlir, ya da öhdəliklərin yerinə yetirilməsinə soyuq yanaşır. Məhz, Ermənistan-Azərbaycan sərhəddində və Qarabağ bölgəsində 10 noyabr bəyannaməsinin 4-cü bəndinin tələbinə zidd olaraq hələ də Rusiya sülhməramlı qüvvələrinin regiona yerləşməsi ilə paralel şəkildə ərazidən çıxarılmalı olan Ermənistan silahlı qüvvələri tez-tez təxribatlar törədərək atəşkəsi pozmaqla regionda münaqişə görüntüsü yaratmaq, Qərb havadarlarını bölgəyə yenidən dəvət etmək və bu proseslərin tənzimləməsində, xüsusilə də bölgədə münaqişənin qızışması prosesində iştiraka cəlb etməyə çalışırlar. Eyni zamanda həmin Qərb havadarlarına daim təziqlərə məruz qaldıqlarını, daim münaqişəyə cəlb edilən bir tərəf kimi özlərini yazıq obrazında göstərməklə onlardan yardım dilənməyə çalışırlar. Beynəlxalq hüquq Azərbaycana arbitraj rolunu həyata keçirən Rusiyanın bu proseslərə soyuq yanaşmasını nəzərə alaraq erməni tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmək hüququ və imkanını tanıyır”.

A.Əliyev vurğulayıb ki, beynəlxalq hüquqla bu məcburetmə prosesi (proses of ko örşın) adlanır: “Hesab edirəm ki, Azərbaycan hər zaman olduğu kimi humanist davranışı bu gün də davam etdirir və qarşı tərəfdən üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməklə bağlı addımları səbrsizliklə gözləyir. Ermənistan tərəfi, Qarabağda mövcud olan seperatçılar dərk etməlidirlər ki, Azərbaycanın səbri ilə oynamaq olmaz. Azərbaycan nələrə qadir olduğunu və gücünü 44 günlük müharibə ilə Ermənistana sübut edib. Bir gün Azərbaycan təxribatlara adekvat cavab vermək məcburiyyətində qalacaq. O halda zərərçəkən yenə də erməni tərəfi olacaq. Ermənistan növbəti dəfə zərbə alacaq, böyük itkilərlə üzləşəcək. Elə itkilər ki, Ermənistanın ayağa qalxıb bir dövlət kimi mövcudluğunu qoruyub saxlamasını sual altında qoyacaq. Ona görə də kütləvi psixoz problemi yaşayan erməni cəmiyyəti mövcud vəziyyəti düzgün qiymətləndirməli, regionun əsl söz sahibi olan Azərbaycanla və Azərbaycanın müttəfiqi olan Türkiyə ilə əməkdaşlığa istiqamətlənmiş addımlar atmalıdır. Bu addımların onlar üçün nə qədər əhəmiyyətli olduğunu dərk etməlidir. Ermənistan bunu dərk etməsə Azərbaycanın dəmir yumruğu növbəti dəfə qısa müddətə sülhə məcburetmə addımları ilə Ermənistanı yenidən cəzalandırmaqla proseslərin həllinə nail olacaq”.