“İşğaldan azad olunmuş torpaqlara "Böyük Qayıdış"ın həyata keçirilməsi üçün dövlətimiz böyük proqramlar icra edir. Bu proqrama daxil olan layihələr ilk növbədə təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərdir. Ərazilər minalardan təmizlənir və təhlükəsiz səfərlərin, digər işlərin görülməsi üçün imkanlar yaradılır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputatın sözlərinə görə, o cümlədən infrastrukturun müasirləşdirilməsi istiqamətində işlər sürətlə aparılır: “Yol infrastrukturu müasirləşir, yeni yollar salınır. Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 700 kilometrə qədər əsas magistral yolların yenidən bərpası işləri başa çatmaq üzrədir. O cümlədən enerji ilə əlaqədar məsələlər öz həllini tapır. Yarımstansiyalar tikilir, yeni xətlər çəkilir və yenidən qurulacaq yaşayış məntəqələrinin fasiləsiz, dayanıqlı enerjinin təmin edilməsi işləri görülür. İçməli və suvarma sularının təminatı məsələləri istiqamətində də layihələr icra olunur”.
A.Badamov vurğulayıb ki, həmçinin, böyük yaşayış yerlərinin ağıllı kənd, ağıllı şəhər layihələri ilə yenidən qurulması istiqamətində böyük işlərin icrasına başlanılıb: “Ağdam və Şuşa şəhərlərinin baş planlarının təsdiq olunması, yeni yaşayış massivinin cənab Prezident tərəfindən təməlinin atılması istiqamətində işlər xüsusi qeyd edilməlidir. Sentyabrın 5-də Füzuli Beynəlxalq Havalimanına sınaq reyisinin keçirilməsi böyük qayıdışımızın bir hissəsidir. Dövlətimiz mərhələli şəkildə böyük qayıdışımızın həyata keçirilməsi üçün müasir infrastruktur və yaşayışın yaradılması istiqamətində görülən işlərin müəyyən hissəsi icra olunduqdan sonra qayıdış işinin təşkilinə başlanılacaq”.