Hamiləlikdə lazer epilyasiya olar? - GİNEKOLOQ AÇIQLADI

7 Sentyabr 2021 16:39 (UTC+04:00)

"Lazer işıq enerjisi istifadə olunan bir üsuldur. Ortaya çıxan elektromaqnit dalğalar rentgendə istifadə olunan X şüalarından fərqlidir və toxuma içərisində irəliləmə xüsusiyyəti yoxdur". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, işıq sadəcə prosedura edildiyi sahəyə, məsələn üzə təsir edir və təsir sahəsi sadəcə bir neçə millimetrdir: "Buna bənzər radio dalğaları ilə çalışan epilyasiya sistemlərində də döl ilə əlaqəli bir bilinən risk yoxdur. Bu cihazlar x şüaları ilə çalışan rentgen cihazlarına görə çox aşağı frekans və enerjidə radiasiya ilə çalışmaqdadır".

Həkim sözlərinə belə davam edib: "Bundan daha önəmlisi isə ionizəedici xüsusiyyətinin olmamasıdır. Prosedura bitdikdə ortada radiasiya da qalmaz. Bu səbəblə də hamiləlikdə istifadəsi ilə əlaqədar risk yoxdur".

Ayşən Vəli