Azərbaycanda hibrid təhsil sisteminə keçid olacaq? - DİQQƏT! - EKSPERT AÇIQLADI

7 Sentyabr 2021 16:30 (UTC+04:00)

“Deməli, Azərbaycanda hibrid təhsil sisteminə keçid hal-hazırki dövrdə mümkün də görünür. Amma yaxşı olar ki, dərslər ənənəvi qaydada başlanılsın. Çünki, ənənəvi qaydada başlamağı ilə bağlı hər hansı bir maneə yoxdur. Əgər kimsə gündəlik yoluxma faktını işıqlandırırsa, qabardırsa bu da düşünürəm ki, yersiz bir düşüncədir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, vaksinasiya getdiyi dövr ərzində, təhsil müəssisələrində istər müəllim heyəti, istər texniki işçilər, ümumiyyətlə, təhsilə aid olan şəxslərin vaksinasiya olunması, üstəgəl əhalinin demək olar ki, 4 milyon yarıma qədəri 1-ci doza vaksini qəbul etməsi, 3 milyon nəfəri təxminən hər iki dozanı qəbul etməsi ümumi hardasa gələcəyə nikbin bir baxış sərgiləyir: “Ona görə də düşünürəm ki, dərslər ənənəvi qaydada başlanılsa daha məqsədəuyğun hesab oluna bilər. Sadəcə olaraq, bu prosesi mərhələli şəkildə həyata keçirmək mümkündür, yəni, ilk olaraq, ibtidai siniflər üzrə dərslər ənənəvi qaydada başlanılmalıdır. Ondan sonrakı mərhələdə təxminən bir həftə, 10 gün sonra 5-9-cu siniflər üçün ənənəvi qaydada, ondan sonra isə 10-11-ci siniflər üçün ənənəvi qaydada başlanılmalıdır. Ali təhsil müəssisələrində isə 1-ci kurslar üçün ənənəvi qaydada başlatmaq mümkündür. Ondan sonrakı mərhələdə isə təbii ki, yuxarı kursları da ən azı oktyabr ayının 15-nə qədər ənənəvi qaydada başlatmaq mümkündür. Amma hibrid təhsil kifayət qədər əlverişli təhsil forması deyil. Ona görə də dərslər ənənəvi qaydada bərpa olunmalıdır”.

Ayşən Vəli