Yaxınları Əli Əliyevi ifşa etdilər -ŞƏRH

7 Sentyabr 2021 14:55 (UTC+04:00)

Əli Orucov: "Əli Əliyevin AMİP sədrliyindən və üzvlüyündən qovulmasının səbəblərindən biri də, onun keçmiş həyat yoldaşının AMİP lideri Etibar Məmmədova ünvanladığı müraciət olub"

Samirə Mirzəyeva: "Əli Əliyev biqeyrətliyi ilə şəxsiyyət olmaq istəyir"

Mövcud reallıqlar və faktlar ondan ibarətdir ki, xalqdan ayrı düşən dağıdıcı xislətli müxalifət qrupları daim bir-biriləri ilə qarşıdurmada olublar. Məhz bunun qanunauyğun nəticəsidir ki, AXCP, Müsavat və digər partiyalardan istefalar silsilə xarakter alıb. Partiyalararası qarşıdurmalar partiyalar daxilində də yaşanmaqdadır. Acınacaqlı vəziyyət daha çox Müsavat və AXCP-də müşahidə olunsa da, ADP və "AXH" kimi qurumlarda eyni acınacaqlı istefa dalğası ilə üzləşməkdədirlər. Daxili durumun mürəkkəbliyindən, silsilə uğursuzluqlardan və sədrlərin anormal davranışları, təxribat xarakterli açıqlamaları sıravi üzvləri partiyalardan uzaqlaşmağa məcbur edir. Görünən və diqqətçəkən məqamlardan biri də odur ki, bəzi partiyalardan istefalar sədrlərin əxlaqsız davranışları ilə bağlıdır. Buna misal olaraq, AMİP-dən uzaqlaşdırıldıqdan sonra özünə "Vətəndaş və İnkişaf" Partiyası yaradıb, siyasi gündəmdə təlxəklik edən Əli Əliyevin timsalında görmək olar. Bu məxluq hər fürsətdə diqqəti özünə cəlb etmək üçün müxtəlif şoular yaradır, məzhəkələr qurur. Hərdən də başını başlara qoşub, siyasi bəyanatlarla da çıxışlar edir. Sosial şəbəkələrdə elə yalanlar-palanlar danışıb, iddialar səsləndirir ki, onun normal adam olmasına şübhə ilə yanaşmalı olursan. Ağsaqqalı Ə.Kərimlinin təlimatlarına əsasən, deyir ki, iradəli və əzmli olmalı, küçələrə çıxıb müxalifətçi olduğumuzu cəmiyyətə göstərməliyik. Hətta insanları vaksin vurdurmamağa çağırır. Adama deyən lazımdır ki, özünə nəzarət edə, ailənə sahib çıxa bilmədiyin halda böyük hədəflərdən danışmaq, iddialı çıxış etmək nə dərəcədə düzdür? Siyasi arenada və sosial şəbəkələrdə, yayılan məlumatlara, eləcə də, redaksiyamıza daxil olan məlumatlara istinadən, demək olar ki, Ə.Əliyev əxlaqsız və mənəviyyatsız müxalif partiya sədrlərindəndir. Bunu bizimlə söhbətində AMİP Siyasi Şurasının üzvü Əli Orucov da mövcud faktlarla dilə gətirdi. AMİP funksioneri bildirdi ki, Əli Əliyevin AMİP sədrliyindən və üzvlüyündən qovulmasının səbəblərindən birini - onun keçmiş həyat yoldaşının AMİP lideri Etibar Məmmədova ünvanladığı müraciəti olub: "İllərlə əsl sifətini gizlədən bu adama AMİP-də mühüm postlar həvalə olunub. Həqiqət budur ki, 2005-ci ildə AMİP sədri vəzifəsinə seçiləndən sonra partiyanı öz şəxsi məqsədləri üçün istifadə etməyə cəhd göstərdiyinə, pozuculuq fəaliyyətinə və indiyədək açıqlanmayan məişət əxlaqsızlığı və mənəviyyatsızlığı səbəbindən, 8 yanvar 2006-ci il tarixdə partiyanın Mərkəzi Şurasının yekdil qərarı ilə sədrlikdən və üzvlükdən qovulub. Mənəvi rəhbərinə, təmsil olunduğu partiyaya qarşı xəyanət yolu seçən, övladlarından imtina edən birisinin hər nədən danışırsa-danışsın, əxlaqdan danışmağa haqqı çatmır".

Ə.Orucov bildirdi ki, Ə.Əliyev üçün müqəddəslik deyilən heç bir məfhum yoxdur: "Gündəmdə olduğunu göstərərək, özünü kimlərəsə ucuz qiymətə təklif edən bu siyasi kloun, şəxsiyyətlərin nüfuzuna hər hansı bir kölgə salmağa cəhdlə xal qazanmağa çalışır. Amma yaxşı bilir ki, ləkəli reputasiya ilə çox da uzağa gedə bilməz".

"Əli Əliyev televizorda əxlaqdan danışır, özü isə əxlaqsızdır"

Ə.Orucov "VİP" sədri Ə.Əliyevin uşaqlarını ataraq keçmiş həyat yoldaşı Samirə Mirzəyevanın rəfiqəsi ilə ailə qurmasından danışaraq, qeyd etdi ki, bu cür hal iddialı şəxsə ancaq başıaşağılıq gətirə bilər. Ə.Orucov Ə.Əliyevin əxlaqsızın biri olduğuna sübut olaraq, bizə onun keçmiş həyat yoldaşı Mirzəyeva Samirə Kərim qızının yazdığı məktubu təqdim etdi. Məktub başdan-ayağa Ə.Əliyevin ittiham və təhqiri üzərində qurulub. "Səs" qəzeti olaraq, biz bəzi etik qaydaları aşmamaq şərti ilə Mirzəyeva Samirə Kərim qızının Ə.Əliyevin ünvanına səsləndirdiyi ittihamları qeyd edirik. Məktubda bildirlir ki, o, 1996-cı ildən Əliyev Əli Nadir oğlu ilə ailə həyatı qurub: "20 iyun 1997-ci ildə oğlumuz anadan olub. 2001-ci ildən mənim ərim Əli rəfiqəm ilə - ailəli bir qadınla gizlin görüşməyə başladı, bu əxlaqsızlığı onun həyat yoldaşı aşkar edib. Biz həm rəfiqə, həm ailəvi dost idik, həm də otuz ilin qonşusu idik. O qadın Əliyeva Dilarə Kamil qızıdır. Dilarə birinci ərindən 10 yaşında olan oğlunu - Cəfərov Kamran Səftər oğlunu valideynlərinin üstünə atıb, oğlundan imtina edib. Dilarə ərim Əli ilə qoşulub qaçdı, ailə həyatı qurdu, Ərim Əli üç uşağı üstümə atdı. Əxlaqsız yoldaşım bu əxlaqsız qadına qoşulandan sonra öz uşaqlarından imtina etdi. Üç yaşına çatan uşaqların, ata olan bəndə, heç üzünü belə görməyib. Uşaqları ata üzünə, ata məhəbbətinə həsrət qoyub. Mən ana kimi üç oğlumla fəxr edirəm, dövlət üçün üç əsgər böyüdürəm. Əli Əliyev "siyasət adamı" olsa da, televizorda əxlaqdan danışır, özü isə əxlaqsızdır. Qonşusunun evini yıxıb, arvadını əlindən alıb, onun oğlunu anasız, öz övladlarını isə atasız qoydu. İndi həmin Əli Əliyev AMİP sədri - millət vəkili olmaq eşqinə düşüb. Seçki platformasında yazıb ki, bir oğlum var, bir qızım. Faktiki olaraq, birgə nikahdan üç oğlan uşağımız var, bir qız isə Dilarədəndir. Uşaqlarının üzünü görməyən, maddi cəhətdən kömək etməyən ata hələ də millət vəkili olmaq istəyir. Əli Əliyev öz uşaqlarına vəkillik eləmir, Azərbaycan xalqına necə vəkillik edə bilər? Əxlaqsız, vicdansız, siyasətçi...".

Son olaraq, Samirə Mirzəyeva bildirir ki, Əli Əliyev biqeyrətliyi ilə şəxsiyyət olmaq istəyir. Biz isə, onu əlavə edə bilərik ki, Ə.Əliyevin nə olacağını demək çətin olsa da, yalnız o bəllidir ki, o, heç zaman ciddi siyasət adamı, partiya sədri ola bilməyəcək. Olsa-olsa, o, ancaq xarici məkrli qüvvələrin əlaltı rolunda çıxış edən AXCP sədri Ə.Kərimlinin yedəyində sürünən məxluq ola bilər.

İ.ƏLİYEV