Saakaşvili Gürcüstana qayıdır

7 Sentyabr 2021 12:04 (UTC+04:00)

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili oktyabrın 2-nə təyin olunan yerli hakimiyyət orqanlarına seçkilər üçün vətəninə gələcəyini açıqlayıb. SİA bu barədə xəbəri eks-prezidentə yaxın mənbələrə istinadən verir.

"Demək istəyirəm ki, şəxsən mən Gürcüstanda keçiriləcək seçkilərə gələcəyəm və xaricdə yaşayan bütün soydaşlarımızı da dəvət edirəm, kimin imkanı varsa, seçki günlərində Gürcüstana gəlsin, işlərinizi təxirə salın və təyyarə, avtobus, qatarla gəlin, amma gəlin", - deyə Saakaşvili Facebook-da yayımlanan video mesajında ​​bildirib.

Eks-prezident Gürcüstanda barəsində açılmış cinayət işinə toxunaraq bildirib ki, həbsdən qorxmur: "Mən həbs olunmaqdan qorxmuram. Çünki gürcü xalqının özünü və məni azad edəcəyinə əminəm. Taleyimi gürcü xalqına həvalə etməkdən qorxmuram".

Saakaşvili əlavə edib ki, marşrutunu və dəqiq gəlmə tarixini daha sonra ictimaiyyətə açıqlayacaq.

Bazar ertəsi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Saakaşvilinin gəlişini çox səbirsizliklə gözlədiyini və ona "zəngin bağlar kolleksiyası" hədiyyə edəcəyini və "onu təmir edilmiş həbsxanaya salacağını" söyləyib.