Quş ətinə və yumurtaya qoyulan qadağalar SƏN DEMƏ... - BİRLİK SƏDRİ DETALLARI AÇIQLADI

7 Sentyabr 2021 11:43 (UTC+04:00)

“Ümumdünya istehlakçı təşkilatının və digər beynəlxalq təşkilatların verdiyi məlumata görə, insan xəstəliklərinin əksər hissəsi, yəni 60 faizdən çoxu heyvanlardan keçmədir və bu dünyada davam edir. Bu işlərin qarşısını almaq üçün Ümumdünya Heyvan Sağlamlığı təşkilatı mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Ümumdünya Heyvan Sağlamlığı təşkilatı epizodik vəziyyəti müzakirə edir, daim izləyir, monitorinqlər aparır və dünya ölkələrinə hansı ölkənin hansı yerində hansı heyvan xəstəliklərinin mövcudluğu barədə nə qədər bacarırsa əldə etdiyi məlumatları ötürür: “Bu məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bir neçə ölkədən bir neçə növ heyvan mənşəli malların idxalına müvəqqəti olaraq qadağa qoyub. O cümlədən İsraildən, Rusiyadan, Ben respublikasından və digər ölkələrin ayrı-ayrı ərazilərindən müxtəlif mal növləri, misal üçün sümük unu, yun, tük və digər kimi quş əti, quş yumurtası və s. bu kimi mallara qadağa qoyub. Bu çox doğru bir məsələdir. Yəni, Qida Təhlükəsizliyi Agentliyi beynəlxalq təşkilatın tapşırıqlarına tez reaksiya verib və qadağalar qoyulub. Belə halda gərək belə vəziyyəti bizneslə məşğul olan adamlar çox ciddi izləsinlər və müəyyən kontraktları varsa, onu öncədən saxlamağa nail olsunlar, elə olmasın ki, yük gəlsin Azərbaycan sərhədinə qaytarılsın və yaxud hansısa yollarla bazara daxil olsun və s. Bir sözlə belə məlumatlar biznes camisində də sürətlə paylanmalıdır”.

Eyyub Hüseynov sözlərinə belə davam edib: “Çox təəssüflər olsun ki, sahibkarlar konfederasiyası məndə olan məlumatlara görə bu məsələlərə kifayət qədər yaxşı inteqrasiya olunmayıb. Lakin Azad İstehlakçılar Birliyi olaraq biz istehlakçıları daim maarifləndiririk, o cümlədən də bu məlumatı da biz yaymışıq ki, istehlakçılar mal alanda diqqətli olsunlar. Onun mənşəyini bilsinlər və beynəlxalq təşkilatın verdiyi məlumatlar istehlakçılar tərəfindən də nəzərə alınsın, belə mallar alınmasın. Bunu da qeyd edək ki, ümumiyyətlə, Azərbaycan hökuməti bilməmiş deyildir ki, quşçuluq məhsulları ilə yumurta ilə, quş əti ilə Azərbaycan broylerləri özümüzü tam təmin etmək iqtidarındadır. Çox təəssüflər olsun ki, Azad bazar iqtisadiyyatı prinsiplərinə uyaraq xarici ölkələrdən Azərbaycana hər cür quş əti gəlir. O cümlədən, hələ biz bir neçə il əvvəl 40 faiz naməlum mayelərlə zənginləşdirilmiş Ukraynadan gələn toyuqları ifşa etdik və s. Düşünürəm ki, hökumət elə bir gömrük siyasəti aparmalıdır ki, xaricdən gələn quş və quş məhsulları mümkün qədər azaldılsın ki, yerli quşçuluq fabrikləri inkişaf edə bilsin”.

Ayşən Vəli