Qaraqışqırıq salanlar bu suallara cavab versinlər! TƏRS BAXIŞ+ÖZƏL

7 Sentyabr 2021 09:32 (UTC+04:00)

“Xankəndi və s. niyə hələ də bizdə deyil” bağırıb dövlətin Qarabağ istiqamətində apardığı məqsədyönlü (!!!) siyasətə qarışıb, xainliklərini daha da açığa çıxarmasınlar"

Niyə Azərbaycan ölkənin hərbi büdcəsini artırıb və Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının çoxaldılacağı barədə elan edib, halbuki erməni ordusu öz mövcudluğunu demək olar ki, itirib, son 8 ayda ölkəni 122 min əhali tərk edib (?).

Niyə Bakı məhz sülhməramlıların nəzarət etdikləri əraziləri mühasirəyə alıb, yəni ancaq sülhməramlıları, erməniləri deyil, çünki “erməni ordusu”, “erməni silahlı birləşmələri” və s. Azərbaycan üçün artıq “sıfır” hesabındadır (?).

Niyə yeni tikilməkdə olan aviabazalar ikili təyinatlıdır, çünki açıq-aydın görünür ki, Füzuli ilə yanaşı, Laçına və Zəngilana uçan təyyarələr proporsiya baxımından daha çox hərbi məqsədli olacaq (?).

Bu sualların cavablarını verə bilərlərmi?

Niyə Azərbaycan əvvəllcə türk qardaşları ilə hərbi təlimlər keçirir, sonra isə türklərlə yanaşı, pakistanlı qardaşlarla da birgə hərbi təlimlər, döyüş hazırlığı məşqləri keçiriləcək, özü də məhz harada? – Bəli, Laçında (?).

Niyə məhz orada və başqa yerdə deyil? Və niyə Bakı sülhməramlılar barədə danışarkən onların Azərbaycan ərazilərində məhz müvəqqəti yerləşdirildiklərini bəyan edir, üstəlik mandantın verilməsi məsələsində də vaxtı uzadır?

Sonda, niyə İsraildən bizə fasiləzis olaraq ağır yük-nəqliyyat təyyarələri uçur? Maraqlı suallardır deyilmi?

Bu gün “ah-vay” edib Azərbaycanın Qarabağ zəfərinə kölgə salmaq istəyən pessimistlər, yaxud pessimizm adı altında yaxa-başlarını, üz-gözlərini cıran, bəlli yerlərə satılan sözdə “müxalifətçi” toplumlar, bu sualların cavablarını verə bilərlərmi? Buyursunlar əsaslı faktlara söykənən sualları cavablandırsınlar, cavablandıra bilmirlərsə, onda sürüşsünlər öz yerlərinə və yerlərindəcə öz axmaq addımlarını saymağa davam etsinlər. Ya da cavab versinlər bu suallara..!

Yoxsa bu ölkədə sizdən artıq vətənpərvər yoxdur?

Davam edirik, niyə Müzəffər Ali Baş Komandanımız “Şərqi Zəngəzur da, Qərbi Zəngəzur da, İrəvan da Azərbaycanın tarixi torpaqlarıdır və biz onlara qayıdırıq” bəyanatını verəndə Onun bu bəyanatını bir kənara qoyub, Xankəndi və ətrafındakı beş-üç kəndə görə boğazınızı yırıtsınız? Niyə anlamırsınız ki, sərhədlərimiz sülhə məcburetmə yolu ilə demarkasiya və delimitasiya olunduqdan sonra Xankəndi və s. ərazilərimiz də mexaniki olaraq Azərbaycan sərhədlərinin daxili hüdudlarında qalacaq? Bu qədərmi axmaq və sərsəmsiniz ki, hələ də düşmən dəyirmanına su tökməklə məşğulsunuz? Yoxsa bu ölkədə sizdən artıq vətənpərvər yoxdur? Bəs bu əməllərinizin cavabını nə vaxt verəcəksiniz? Bu sualın cavabını elə özüm verəcəm, Xankəndi alınandan sonra, özü də tezliklə!

Azərbaycan dövləti, Ali Baş Komandanı nəyi necə nə vaxt edəcəyini əvvəldən demişdi və bu gün də deyir, ona görə də hər yerindən duran özünü “intellektual siyasətçi, politoloq” kimi zorla gözlərə dürtüb araqarışdıranlıqla məşğul olmasınlar – “Xankəndi və s. niyə hələ də bizdə deyil” bağırıb dövlətin Qarabağ istiqamətində apardığı məqsədyönlü (!!!) siyasətə qarışıb, xainliklərini daha da açığa çıxarmasınlar – bu qədər!

Rövşən RƏSULOV