"Kişiyə elə şeylər yaraşmır, kişinin kişiliyi olar" - SORĞU

6 Sentyabr 2021 16:34 (UTC+04:00)

Toy üzükləri ən vacib evlilik və birlik simvollarından biridir. Xüsusilə, əbədiyyətə işarə edən bu üzüklər, nişan dövrü və evlilik dövründə fərqli barmaqlara taxılır. Bu üzüklər evliliyin əbədi qalacağını bildirmək üçün istifadə olunur. Son zamanlar tez-tez müşahidə olunan hallarda biri də evli və ya nişanlı kişilərin üzük taxmamasıdır. Onlar niyə bu addımı atır? Niyə üzük taxmaqdan qaçır və çəkinir? Məsələ ilə bağlı SİA olaraq şəhər sakinləri arasında sorğu keçirərək onların fikirlərini öyrəndik:

Şəhər sakini Murad Adiloğlu: “Evli kişilərin üzük taxmamağının çox səbəbləri var. İndi 2-3 səbəbi sadalayacağam. Birincisi, Azərbaycan kişilərinin hamısının olmasa da, bildiyim qədərini nəzərdə tutaraq deyirəm ki, onlara xas olan bir şey var. Birinci səbəblərdən biri o ola bilər ki, kişi evli ola-ola başqa xanımlarla tanışlıq münasibəti yaratmaq istəyir. Öz payıma danışaraq özüm haqqında onu deyə bilərəm ki, mən özüm də üzük taxmıram. Mən ona görə taxmıram ki, itirə bilərəm və bunu mənə həyat yoldaşım alıb. Yəni, itirməmək üçün istifadə etmirəm. Digər səbəb isə elə insan var ki, bu onun xarakterindən asılıdır. Yəni, üzük taxmaq onun təbiətinə uyğun bir şey deyil”.

Şəhər sakini Aynur Nəsibzadə: “Düşünürəm ki, bu kişilər zəmanə ilə uyğunlaşmır. Yəni, zəmanə bunu tələb etmir. Elə kişilər də var ki, xanımdan üzük taxmasını tələb etdiyi halda özü taxmır”.

Şəhər sakini Şəbnəm Məmmədova: “Bəlkə də üzük onları narahat edir yəni, üzükdən istifadə etməyə öyrəşməyiblər. Elə insan var ki, hətta üzüyə qarşı allergiyası var. Digər səbəb isə xəyanət ola bilər. Mən evli və nişanlı olduğu halda üzük taxmayan kişilərə normal baxıram. Əgər özünü narahat hiss edirsə, üzük taxmaya bilər. Düşünürəm ki, sevgi üzük taxıb taxmamaqla ölçülmür”.

Şəhər sakini Adil İsmayılov: “Düşünürəm ki, səbəb çox ola bilər. Konkret olaraq bir söz deyə bilməyəcəyəm”.

Şəhər sakini Kənan Vəliyev: “Məncə bunun tək səbəbi odur ki, kişi evli və ya nişanlı ola-ola bir xanıma rahatlıqla yaxınlaşmaq, onunla tanış ola bilmək üçün bu addımı atır. Üzük taxmamağın və onu gizlətməyin tək məqsədi bu ola bilər”.

Şəhər sakini Elşən Məmmədov: “Düşünürəm ki, evli kişilərin üzük taxmamağa səbəbi digər xanımlarla rahatlıqla tanış olmaqdır. Yəni, üzüyün barmaqda olması ona bir növ maneədir. Mən evli və ya nişanlı olsam üzük taxmaq istəyərəm. Burada pis heç nə yoxdur”.

Şəhər sakini Hacı Mahmudov: “Yəqin ki, qaynanaları vaxtında üzük alıb verməyib ki, ona görə də taxmırlar. Doğrudur, üzük bir simvoldur. Yəni, üzüyü olan və olmayan insan arasında fərq var. Üzük vasitəsilə bu insanın evli və yaxud subay olduğu məlum olur. Amma, mən ömrüm boyu üzük taxmamışam və üzük taxan kişiyə də nifrət edirəm. Kişi üzük, sırğa, boyunbağı taxmaz. Kişinin qolunda bircə saat olar. Kişiyə elə şeylər yaraşmır. Kişinin kişiliyi olar”.

Şəhər sakini Cavidan Heydərli: “Kişilərin üzük taxmamasının səbəbi başqa xanımlarla əlaqəsinin olmasıdır. Digər səbəb isə yoldaşından sıxılmasıdır. Kişidə belə bir şey var ki, xanımını qısqanır. Bu səbəbdən də bəzi kişilər israrla xanımından üzük taxmasını tələb edir. Qısqanclıq qadından çox kişidə olur. Yəni, kişinin xəyanəti bağışlansa da, qadının xəyanəti bağışlanmaz”.

Şəhər sakini Fərid Məmmədov: “Çox qəribə zəmanədə yaşayırıq. Elə adam var ki, imkansızlıqdan evlilik üzüyünü satır. Çox acınacaqlı vəziyyətdir. Eləsi də var ki, ümumiyyətlə qızılı haram bilib istifadə etmir. Üzüyünü gizlədənlərin də bu özünün şəxsi seçimidir”.

Şəhər sakini Ayşən Sadıxzadə: “Məncə, evli kişilərin üzük taxmama səbəbi odur ki, onlar evli və ya nişanlı olduqlarını gizlətmək istəyirlər. Şəxsən mən icazə vermərəm ki, mənim nişanlım və yaxud da həyat yoldaşım üzük taxmasın. Düşünürəm ki, bu sədaqət simvoludur və taxılmalıdır”.

Şəhər sakini Amil Abbasov: “Düşünürəm ki, üzük onları narahat edir. Əgər mən evli olsaydım rahatlıqla üzük taxardım. Burada qəribə heç nə yoxdur”.

Ayşən Vəli