"“Beynəlxalq Ordu Oyunları – 2021” təbliğat xarakterlidir" - HƏRBİ EKSPERT AYDINLIQ GƏTİRDİ

6 Sentyabr 2021 14:48 (UTC+04:00)

“Ötən gün Moskva şəhəri ətrafında yerləşən "Patriot" parkında "Beynəlxalq Ordu Oyunları - 2021" yarışlarının təntənəli bağlanış mərasimi keçirilib”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev və yarışlarda təmsil olunan digər dövlətlərin nümayəndələri iştirak ediblər: “Mərasimdə Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiyada "Tank biatlonu" və "Mədəniyyət Ordusu", İran İslam Respublikasında "Dəniz kuboku", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqələrində uğurla iştirak edib. Ümumiyyətlə bu tipli tədbirlərdə Azərbaycan Ordusunun iştirak etməsinin əsas mahiyyəti təcrübə toplamasıdır. Adından da görüldüyü kimi “Beynəlxalq Ordu Oyunları – 2021” təbliğat xarakterlidir. Ordunun nümayiş etdirilməsi, ordunun təqdimatı baxımından olduqca əhəmiyyətlidir. Həmçinin də azərbaycanlı hərbiçilərin öz təcrübələrini, peşəkarlığını artırmaq baxımından da əhəmiyyətlidir. Göründüyü kimi bir neçə istiqamətdə hərbi oyunlar keçirilir və bunların hər biri ayrı-ayrılıqda Azərbaycan Ordusunun bu qoşun növlərinin, hərbi qulluqçularının peşəkarlığının artırılmasına səbəb olur”.

Arzu Qurbanzadə