"Ən yüksək pillələrdən birini tutmuşuq" - İDMANÇI ŞƏRH ETDİ

6 Sentyabr 2021 14:00 (UTC+04:00)

"Tokio Olimpiyadasından sonra paraolimpiyaçılarımızın göstərdiyi nəticə bizi çox sevindirdi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Kyokuşin Karate Federasiyasının vitse-prezidenti, 6-cı dan qara kəmər ustası Allahverdi Rüstəmov deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbindən hazırlıqlara gec başlayan və Tokio Olimpiyadasında zəif nəticə göstərən milli komandamızın əvəzinə paraolimpiyaçılarımız çox gözəl nəticələr əldə etdilər. "14 qızıl medalın qazanılması ölkəmizin idman tarixinə qızıl hərflərlə yazıldı. Bu günlər dünya reytinqində paraolimpiyaçıların sayəsində ən yüksək pillələrdən birini tutmuşuq. Məndə öz növbəmdə bütün idman cəmiyyəti adından, Federasiya adından bütün paraolimpiyaçılarımızı təbrik edirəm və gələcək karyeralarında uğurlar arzulayıram. Ümid edirəm ki, bizim olimpiyadaçılarımız da nümunə olaraq gələcək olimpiyadalardan uğurlu nəticələr əldə edəcəklər".