İnquşetiyada İŞİD-çilər həbs ediliblər...

6 Sentyabr 2021 12:20 (UTC+04:00)

Rusiya mətbuatı Federal Təhlükəsizlik Xidmətinin İnquşetiyada hüquq -mühafizə orqanlarının əməkdaşlarına hücum hazırlayan 4 İŞİD üzvünün saxlandığını bildirir.

SİA bu barədə Rusiya mətbuatına istinad edir.

“İnquşetiya Respublikasında terror cinayətlərinin hazırlanmasında və törədilməsində iştirak edən İŞİD beynəlxalq terror təşkilatı tərəfdarlarının fəaliyyəti yatırılıb”. Bu, rusların insidentlə bağlı yaydığı məlumatda deyilir.

Qeyd edək ki, xidmət həbs edilənlərin Rusiya vətəndaşları olduğunu da etiraf edib. Verilən məlumata görə, həbs edilənlər İŞİD-lə əlaqəni internet vasitəsilə yaradırmışlar.

Verilən xəbərdə İŞİD üzvlərinin partlayıcı və soyuq silahdan istifadə edərək hüquq -mühafizə orqanlarının əməkdaşlarına hücum da daxil olmaqla bir sıra terror aktları hazırladıqları vurğulanır. Saxlanılan şəxslərin ruslar arasında terror ideologiyasının təbliği ilə məşğul olduqları da ehtimal olunur.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı İŞİD-çi olduqları ehtimal edilənlərdən odlu silah və kəsici silahlar, əldəqayırma partlayıcı və yandırıcı qurğular, habelə onların istehsalı üçün komponentlər və alətlər ələ keçirildi. Bundan başqa, onların cinayətkar niyyətlərini təsdiq edən terror təşkilatının üzvləri ilə yazışmaları da tapılıb.

Bunu da rus mətbutı yazıb.

Ağasəf Babayev