Şəhidin Cənnətdəki ilk doğum günü - FOTOLAR

6 Sentyabr 2021 11:52 (UTC+04:00)

Cənnətdəki ilk doğum günün mübarəkdir, Samir Xəlili!

Torpaq su ilə qarışsa palçıq, qan ilə qarışsa Vətən olar, deyiblər. Bu torpağı Vətən edən, müqəddəs ocaq edən Şəhidlərimizin qanıdır. O Şəhidlər ki, qorxu nədir bilmədən şəhadətə gözüyumulu getdilər. Vətənimizin bütövlüyü uğrunda igidcəsinə döyüşüb, qəhrəmancasına uca zirvəyə qalxdılar. Əzəldən bəri başı bəlalı xalqımız torpaq uğrunda nə savaşlar verib, nə igidlər itirib, ancaq bir an olsun əyilməyib. Çünki neçə-neçə Mübarizi var yurdumuzun və daha neçə-neçə Poladları doğulacaq.

Vətən uğrunda əziz canından keçməyə hazır igidlər ikinci Qarabağ müharibəsində Zəfər dastanı yaratdılar. Elə bir dastan ki, 44 gün davam edən döyüş ilə dünyanı özlərinə heyran qoydular. Şəhid olan, yaralanan, sağ qalan hər igid ayrı bir qəhrəmanlıq simvoludur. Ölümü ilə ölümsüzlüyə qovuşan Samir Xəlili kimi...

Hər kəs tərəfindən sevilən, yaxşı dost olan Samir ehtiyac olan anda dostlarının köməyinə çatırmış. Yaxınları daim onu tərbiyəsindən, yaxşı niyyətindən bəhs edir. O, həm də Vətən və ona qulluq sevgisi ilə yaşayırdı. Bu sevgidir ki, göz əməliyyatı olduğu üçün ona 6 aylıq möhlət hüququ verilsə də, dəfələrlə hərbi komissarlığa müraciət edərək tez bir zamanda hərbi xidmətə getmək istədiyini bildirib. Bu səyləri nəticəsində vaxtından əvvəl hərbi xidmətə getməyə nail olub və Goranboy rayonunun “N” saylı hərbi hissəsində qulluq edib. Hərbi xidmət zamanı hərbi hissə komandirinin sürücüsü olub. Çətin coğrafi şəraitdə vəzifəsinin öhdəsindən məharətlə gəldiyi üçün rəhbərlik tərəfindən təşəkkür alıb. 2019-cu il oktyabrın 2-də hərbi xidmətdən təxris olunub. Nə bilmək olardı ki, xidmətdən təxris olunduğu bu tarix düz bir il sonra, 2020 oktyabrın 1-də onun Şəhid olduğu gün olacaq...

Samirin ən böyük arzusu polis olmaq idi. Bu istəyinə çatmaq üçün, Daxili İşlər Naziri Vilayət Eyvazovun sıra baxışında iştirak edir. Nazir tərəfindən polis sıralarına seçilir. Çalışmaq üçün əmrini gözləyən Samirə, təəssüf ki, bu qismət olmur. Çünki, 2-ci Qarabağ müharibəsi başlayır. 2020-ci il sentyabr ayında çağırış gələn kimi dərhal hərbi komissarlığa gedir. Bir həftəlik hərbi təlimdən sonra döyüşlərdə könüllü olaraq iştirak edir. O da döyüşə yollanan qorxmaz, cəsarətli oğullar sırasında idi. Əsgər yoldaşlarının dediklərinə görə, iki dəfə ən ağır döyüşlərdən mözücə sayəsində sağ qalıb. Yanında partlayan minadan sağ çıxan Samir, dostuna yığaraq “Allah məni saxladı”-, deyə söyləyib. Buna rəğmən irəliyə getməkdən bir an belə tərəddüd etməyib. Hətta döyüşlər sırasında keçmiş hərbi hissə komandiri ilə qarşılaşıb, lakin komandirin sürücülük təklifini qəbul etməyib, silahı əlində düşmənə qarşı vuruşacağını söyləyib. Ailə üzvləriylə telefon danışıqlarında hər şeyin yaxşı olduğunu deyir, onları narahat qoymaq istəmirdi. Samir evində asılı olan formasını geyinib, polis olmaq istəyinə çata bilməsə də, daha böyük zirvəni fəth etdi. 2020-ci ilin 1 oktyabrında Şəhidlik zirvəsinə ucaldı. İndi onun ruhu göylərdən Vətənin keşiyini çəkir.

“O mənim Samirimdir, gedin gətirin”

Şəhidlik uca zirvə olduğu qədər, həm də düşdüyü yeri yandıran od kimidir. Bu odun istisini ən çox onu sevgiylə böyüdən ana və ata hiss edər. Şəhidimizin anasına oğlunun şəhid olduğu xəbəri gələndə söyləyiblər ki, o olmaya bilər bəlkə adı, soyadı bənzəyir, oxşar adlar çoxdur. Anası isə: “Yox mən başqa Samirin anasına qıymaram, o elə mənim Samirimdir gedin, gətirin”,- söyləyib. “Özü polis paqonunu geyə bilmədi, amma anasına Şəhid anası paqonunu verdi”,- deyərək tamamlayır sözlərini məğrur şəhid anası.

6 sentyabr, bu gün Samirin Cənnətdəki ilk doğum günüdür. 24 yaşı olur Şəhidimizin. Ucaldığın o zirvədə rahat uyu, Şəhid! Vətən sevgisiylə vətənləşən sən və bütün şəhidlərimiz bu yurd var olduqca, vüqarlı xalqımızın qəlbində yaşayacaqsız!

Fidan Türk