"İnsanlarımız öz yurdlarına qayıtmaq üçün indidən hazırlaşırlar" - DEPUTAT ŞƏRH ETDİ

6 Sentyabr 2021 11:30 (UTC+04:00)

"Düşünürəm ki, Qarabağ məsələsinə bir neçə istiqamətdən yanaşmaq lazımdır. Əgər hərbi, siyasi, iqtisadi məsələlərlə bağlı yanaşsaq, demək olar ki, hərbi faza başa çatmışdır. Azərbaycan qalib tərəf kimi öz sərhədlərini ayırd edir. Artıq problem sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini həll etməkdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, hələlik, Azərbaycan konstitusiyasına uyğun olaraq orda yaşayan ermənilərin müraciətlərinin nəzərə alınması və digər məsələlər qalıb. Arzu Nağıyev "Böyük Qayıdış"la, görüləcək işlərlə bağlı öz fikirlərini belə izah edib: "Əsas məqamlardan biri sülhməramlılarla bağlıdır. Sülhməramlı qüvvələr 10 noyabr sazişinə uyğun olaraq öz funksiyalarını yerinə yetirməlidir. İqtisadi məsələlərə gəldikdə, dinc quruculuq işləri çox mühüm məsələdir, yəni digər məsələlərlə yanaşı, təbii ki, mina təmizləmə işləri davam edəcək. O problemlər həll edildikcə, kommunikasiyaların açılışı, yeni strukturların bərpası, rayonların bərpası, rayonlardakı infrastrukturların bərpası, məntəqələrin bərpası sürətlə davam edəcək.

Gördüyünüz kimi, çox ciddi addım kimi Fuzuli aeroportunun ilk təyyarələrini qəbul etməsinin şahidi olduq. Bu istiqamətdə addımlar davam edəcək. Eyni zamanda, Şuşada keçirilən tədbirlər, Şuşanın bərpası, Şuşanın Baş Panının olması, Ağdam istiqamətində və digər rayonlar istiqamətində bu məsələlərin həlli prosesi davam edəcək. Dövlətimizin təhlükəsizliyi, suvereliyimizin qorunması, eyni zamanda hər bir Azərbaycan vətandaşının rifahı məsələsi çox mühüm addım kimi cənab Prezidentin də prioritet istiqamətlərindəndir. Təbii ki, infrastrukturların bərpası ilə paralel olaraq, ümumiyyətlə, "Böyük Qayıdış"ın tələblərinə uyğun olaraq çox ciddi addımlar atacağıq. Düşünürəm ki, insanlarımız öz ata-baba yurdlarına qayıtmaq üçün indidən hazırlaşırlar. Əsas problem düşünürəm ki, ayrı-ayrı təxribatlar olsa da, Azərbaycan qalib tərəfdir. Həm mədəni, həm iqtisadi, həm də siyasi, mənəvi məsələlərin həlli, təbii ki, sürətlə davam edəcək".