Keçmiş Məcburi köçkünlərin arzusu ŞƏRH

6 Sentyabr 2021 10:54 (UTC+04:00)

Otuz ildən artıq müddətdə yer üzünə şeytan qanından səpələnmiş erməni deyilən məxluqun məkrinin zülmünü çəkən, bunun 27-28 ilini məcburi köçkün kimi sıxıntılı həyat yaşamaq zorunda qalan insanların bir ildir ki, üzləri gülməyə başlayıb. Azərbaycanın qəhraman oğulları, müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və fenomenal siyasi iradəsi nəticəsində yurdunun azadlığına şahidlik etdi. Az qala bir ildir ki, hər kəs ömrünün bundan sonrakı hissəsini ata-baba torpaqlarında, doğma yurdunda yaşamaq, burda dünyasını başa vurmaq, ulularının uyuduğu məzarlıqlarda uluları ilə yanaşı dəfn olunmaq qismət olduğuna görə həm ordumuza, həm Ali Baş Komandana minnətdarlıq, allahına isə şükranlıq hissləri ilə yaşayır. Bir ilə yaxındır ki, hər bir məcburi köçkün özünü, sanki yenidən doğulmuş kimi hiss edir, gələcəyə yeni duyğularla, inam və ümid dolu düşüncələrlə baxmağa başlayıb.

Minaların yaratdığı təhlükə nədəni ilə, haqlı olaraq hələ bu yerlərə insanların, ürəkləri Vətən, yurd eşqilə döyünən keçmiş məcburi köçkünlərin el-obalarına sərbəst gediş-gəlişinə məhduduyyət qoyulub. Bununla belə, dövlət qurumlarının təşkilatçılığı ilə müxtəlif sahələrdə çalışan insanlar dəstə-dəstə bu torpaqlara gedir, ordakı vəziyyəti gözləri ilə görür, gələcək planlarla, artıq başlayan və uğurla davam edən yenidənqurma, tikinti-abadlıq işləri ilə yaxından tanış olurlar. Xüsusi vurğulamağı vacib hesab edirəm ki, işğal ərəfəsində mövcud olmuş təmas xəttini keçdikdə düşmənin qurduğu altı xətdən ibarət istehkam zonasını görən hər kəs ordumuzun nə qədər ağır şəraitdə bu torpaqları azad etməsinin şahidi olur və belə bir ordu ilə daxilində qürur hissi keçirir.
Bununla yanaşı, torpaqlarımız işğaldan azad olduqdan sonra keçmiş məcburi köçkünlərlə apardığımız söhbətlər, sorğular nəticəsində məlum olur ki, indiki halda hər bir məcburi köçkünün dərhal bu yurdlara qaytarılmasının mümkünsüz olduğunu birmənalı qəbul edir və anlayışla qarşılayır. Düşmənin daşı daş üstdə qoymadığı, xarabazara çevirdiyi bu torpaqlarda insanların yaşaması üçün normal şəraitin yaradılması və onların doğma yurdlarına geri qaytarılması illər, bəlkə də on illər davam edən bir prosesdir. Bütün kommunikasiyaların yenidən qurulması, zəruri yaşayış minimumlarının bərqərar edilməsi, idarə, müəssisələrin yerləşdirilməsi, yaşayış mənzillərinin tikilməsi və digər görülməsi zəruri olan işləri nəzərə alsaq, bunun nə qədər çətin və gərgin bir proses olduğunu anlamamaq mümkün deyil. Ancaq keçmiş məcburi köçkünlərlə görüşlərimiz zamanı əksər insanların, xüsusən yaşlı nəslin nümayəndələrinin qaldırdıqları bir məsələni, düşünürük ki, tez bir zamanda həll etmək və onların bu arzularını reallaşdırmaq mümkündür. Belə ki, otuz ilə yaxın məcburi köçkünlük həyatı yaşamış bu insanlar azad olunmuş yurd yerlərindəki məzarlıqların tezliklə təhlükəsizliyinin təmin edilməsi, bundan sonra həmin yurd yerlərindən olanlar dünyasını dəyişdikdə, ata-baba məzarlıqlarında, ata-babaları ilə yanaşı dəfn olunmaları üçün imkan yaradılmasını arzu edirlər. Bizlər bu istəyi dəstəkləyir və hesab edirik ki, xüsusilə iki baxımdan bu problemin müsbət həlli vacib hesab edilməlidir. Birincisi, uzun həsrətdən sonra onlara qismət olan doğma yurdda dəfn olunmaq arzularını gerçəkləşdirməklə həm onların ruhlarını şad edir, həm də bu yerlərin yenidən VƏTƏNə çevrilməsinə əsaslı stimul vermiş olarıq. İkincisi, gələcək nəsillərin bu yerlərə yenidən bağlanması, bu torpaqları müqəddəs yurd yerləri kimi unutmaması, ən azı ata-babalarının uyuduğu müqəddəs torpaqlar kimi daim qorumaq əzminin gücləndirilməsi baxımından da bu istəyin həyata keçirilməsi ciddi əhəmiyyət daşıyır.
Bu mühüm əhəmiyyət kəsb edən məsələni gündəmə gətirməkdə məqsədim isə, müvafiq dövlət və hakimiyyət yetkililərinin diqqətini onun üzərinə cəlb etməkdən və həlli o qədər də müşkül olmayan bu problemin tezliklə həll olunmasına nail olmaqdan ibarətdir. Əminəm ki, uyğun qurumlar həm bu günümüz, həm də gələcəyimiz üçün əhəmiyyət kəsb edən və xalqın, xüsusən də keçmiş məcburi köçkünlərini arzusu olan bu problemi tezliklə həll etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirəcəklər. İndiki Azərbaycan iqtidarının, ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqın istək və arzularına yönəlik siyasi xəttinin hər gün şahidi olan xalq buna inanır!

Təhmasib Novruzov