“Prezident müəssisələrin strateji əhəmiyyətlərini nəzərə alaraq açılışda şəxsən iştirak etdi” - İQTİSADÇI-EKSPERT AÇIQLADI

4 Sentyabr 2021 15:25 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyevin müxəlif və ortaq müəssisələrin açılışında şəxsən iştirak etdiyini müşahidə edirik və bu mətbuatda da yayımlanır”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin kiçik və orta biznes təsərrüfat subyektlərinin və müəssisələrinin açılışında işirakını hər zaman müşahidə etmişik: “Bu onu göstərir ki, ölkə başçısı bu mövzuda öz dəstəyini daim nümayiş etdirir. Bu ölkə rəhbəri İlham Əliyevin təsərrüfat subyektlərinə xüsusi diqqətinin olmasının bariz nümunəsidir. Cənab Prezident Sumqayıt səfərində bir çox müəssisələrdə olmuş və açılışında iştirak etmişdir. Bunlardan birincisi cənab Prezidentin Sumqayıt Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışında iştirak etməsi idi. Çünki orada soyutma sistemi ilə bağlı müəyyən problemlər var idi. Xəzərin səviyyəsinin təxminən bir metrdən artıq aşağı düşməsi nəticəsində soyutma suyunun götürülməsində ciddi problemlər yaranmışdı. Bu səbəbdən də hazırdakı nasos stansiyasının açılışı oldu. Çünki, nasos stansiyasının özünün zəruriliyi məhz Sumqayıtın davamlı və fasiləsiz enerji təminatında böyük rol oynayır. Yalnız insanlar üçün deyil, eyni zamanda orada fəaliyyət göstərən sənaye parklarının və istehsal sahələrinin enerji təchizatında bu stansiyanın çox böyük rolu var. Fasiləsizliyin təmin olunması üçün də məhz bu soyutma stansiyasının işə salınmasına və yenidən qurulmasına böyük ehtiyac var idi”.

Eldəniz Əmirov sözlərinə əlavə edərək bildirib ki, Prezident müəssisələrin strateji əhəmiyyətlərini nəzərə alaraq açılışda şəxsən iştirak etdi: “Cənab Prezidentin açılışını etdiyi müəssisələrdən biri də Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC idi. Bu müəssisə də yeni texnologiyalara əsaslanan bir müəssisədir ki, bu da Sumqayıt sənaye parkının daxilində fəaliyyət göstərəcəkdir. Burada insanların işlə təminatı ilə yanaşı istifadə olunan digər avadanlıqların təchizatında bu müəssisə rol oynayacaq və iqtisadiyyata öz töhfəsini verəcək. Müasir tələblərə cavab verən keyfiyyətli işlərin görülməsinin əhəmiyyəti böyükdür. Bu qəbildən olan müəssisələr yeni texnologiyaların tətbiq olunmasına və müasir kadrların yetişməsinə də öz töhfəsini verir. Yeni yanaşmaların və təcrübələrin öyrənilməsinə şərait yaradır”.

“Cənab Prezidentin təməlqoyma mərasimində iştirak etdiyi digər sahələrdən biri də güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksidir. Güzəştli mənzillərin regionlarda yaradılmasına ehtiyac var idi. Hazırda bu prosesin əhəmiyyəti ona görə var ki, ölkədə mənzil fondu az olmasa belə bu gün əldə olunmuş gəlirlər ilə insanların əlçatanlığı yüksək deyil. Qeyd edim ki, Sumqayıt şəhərində güzəştli mənzil 2 hektar ərazini əhatə edir. Yaşayış kompleksində doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Nəzərə çatdırım ki, mənzillərin ümumi sayı isə 466-dır. Mənzillər 2, 3 və 4 otaqlı olacaq. İnsanlar mənzil əldə etmək üçün ciddi problemlər yaşayır. Bu baxımdan güzəştli mənzil fondunun genişləndirilməsi zəzurəti var”.