"Türkiyə-Ermənistanın münasibətləri sabitliyin qorunmasına kömək edəcək" - ZAXAROVA

3 Sentyabr 2021 16:55 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə və Ermənistan əlaqələrinin düzəlməsi üçün danışıqların vacib olduğunu bildirib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Zaxarova Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin yaxşılaşdırılmasına kömək etməyə hazır olduqlarını qeyd edib.

"İki ölkə arasında münasibətlərin müsbətə doğru inkişaf etməsi ilə bağlı siqnallar gəlməkdədir. Biz hər şeyə hazırıq. İki qonşu ölkənin qarşılıqlı hörmət və maraqların izlənməsi əsasında yaxınlaşmasına təşviq etməliyik", deyə Mariya Zaxarova bugünkü mətbuat konfransında deyib.

Zaxarova Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmasının xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması kontekstində bölgədə sülhün, sabitliyin və firavanlığın bərqərar olmasına kömək edəcəyini vurğulayıb. Rusiya, Azərbaycan və Ermənistan liderləri 9 Noyabr 2020 və 11 Yanvar 2021 tarixlərində bəyanat imzalayıb.

Rusiyanın hər zaman Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin yaxşılaşmasının tərəfdarı olduğunu və bu prosesdə fəal rol oynadığını xatırladan Zaharova sözlərini belə davam etdirib: "Keçmişdə müvafiq vasitəçilik səylərində bilavasitə iştirak etmişik. 2009-cu ildə Sürix protokollarının imzalanmasını dəstəklədik. Bu protokollar Ermənistanla Türkiyə arasındakı münasibətlərin qeyd-şərtsiz və tədricən yaxşılaşmasını nəzərdə tuturdu. Vasitəçilik aktiv və təsirli rol oynadı, bu da görüşün müsbət nəticələrinə səbəb oldu. Təəssüf ki, Rusiyanın vasitəçiliyi ilə əldə edilən təşəbbüslər bu ölkələr tərəfindən həyata keçirilmədi. Ancaq bu, hər bir ölkənin iradəsi idi".