"Azərbaycan Fransa mətbuatında" MƏDƏNİYYƏT

3 Sentyabr 2021 16:33 (UTC+04:00)

Azərbaycan Dövlət Teleqraf Agentliyinin-AzərTAc-ın Fransa Respublikası üzrə xüsusi müxbiri kimi on beş il Parisdə fəaliyyət göstərmiş, filologiya üzrə fəlsəfə doktoru Əsgər Əliyevin yaradıcılığında Azərbaycan- Fransa ədəbi əlaqələrinin tədqiqi mühüm yer tutur. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 6 iyul 2021-ci il tarixli qərarı ilə ”Elm və təhsil” nəşriyyatında çapdan buraxılmış “Azərbaycan Fransa mətbuatında” kitabı müəllifin ölkələrimiz arasında tarixi əlaqələrin və araşdırmaların yeni səhifələrini təşkil edir.

Kitab AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin “Ədəbi əlaqələrimizə əhəmiyyətli əlavə” adlı ön sözü ilə açılır. Burada xüsusilə qeyd edilir ki, Əsgər Əliyevin “ Azərbaycan Fransa mətbuatında” kitabı ədəbi əlaqələrimizin naməlum qatlarının açılması, Azərbaycan siyasi mühacirətinin Avropa həyatının az öyrənilmiş səhifələrinin işıqlandırılması sahəsində irəliyə doğru atılmış mühüm addımdır. Təqdim olunan araşdırmalar indiyədək aparılmış tədqiqatların tamamlanması, yaxud zənginləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Kitabda “Fədakar istiqlalçı Miryaqub Mehdiyev və onun fransızca əsərləri haqqında qeydlər”, “Fransız şərqşünası: Lüsyən Buva

Azərbaycan ədəbiyyatı haqqında”, “Lüsyən Buva və Azərbaycan mətbuatı”, “Ceyhun Hacıbəylinin bir məqaləsi”, “Ceyhun Hacıbəylinin Azərbaycan sevdası”, ”Ceyhun Hacıbəyli: İlk Müsəlman Respublikası” məqalələri yeni tədqiqatlar baxımından xüsusilə diqqəti cəlb edir.

Müəllif məqaləsində Vətənimizin müstəqilliyi uğrunda fədakar istiqlalçı Miryaqub Mehdiyevin həyat və fəaliyyətini geniş surətdə tədqiq etmişdir. Onun Əlimərdan bəy Topçubaşovun rəbərliyi altında Paris Sülh Konfransında iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində Fransaya getməsi, “Azərbaycan Beynəlmiləl siyasətində petrol” və “Beynəlxalq vəziyyət və sovetlərdə milliyət məsələsi” əsərlərini çap etməsi, Parisdə fransız dilində nəşr olunan “Prometey” jurnalında neft, milli məsələ, Azərbaycanın görkəmli şair və yazıçılarına həsr etdiyi məqalələrdən bəhs etmişdir. M.Mehdiyev sonralar Türkiyəyə gedərək siyasi fəaliyyətini davam etdirmiş və orada ömrünün axırıınadək yaşamışdır.

Müəllif Fransada çalışdığı illərdə arxivlər və kitabxanalarda apardığı axtarışlar sayəsində nadir sənədləri və materalları əldə etmiş, Azərbaycanın istiqlal mücahidlərinin Fransa həyatına dair çoxsaylı faktları və məlumatları, əlyazmaları və mətbu materialları üzə çıxarmış, onları tərcümə edərək apaşdırmışdır. Tədqiqatçı- alim ilk dəfə olaraq tanınmış fransız publisisti və tədqiqatçısı Lüsyən Buvanın Fransada məşhur “Müsəlman aləmi jurnalı”nda Azərbaycan ilə bağlı fəaliyyətini əsaslı şəkildə tədqiq etmişdir. Məqaləsində müəllif qeyd edir: ”Lüsyən Buva Azərbaycan ədəbiyyatı tarixinin zənginliyini ortalığa çıxarmaq istiqamətində Yusif Vəzir Çəmənzəminlinin apardığı gərgin axtarışları yüksək qiymətləndirmiş, tədqiqatçının avropalı alimlərin Azərbaycan ədəbiyyatı tarixinə həsr etdiyi məqalələrdən və orijinal mənbələrdən istifadə nəticəsində Azərbaycan ədəbiyyatının həqiqi tarixinə dair samballı bir əsər ərsəyə gətirdiyini diqqətə çəkmişdir.”

“Lüsyən Buva və Azərbaycan” adlı məqalədə müəllif Fransa mətbuatı materialları əsasında elmi- tədqiqat aparmaqla Məhəmməd ağa Şahtaxtlının da həyat və fəaliyyətinin müəyyən səhifələrinin dəqiq və əhatəli şəkildə araşdırılmasına nail olmuşdur. Məqalədə oxuyuruq: “Həyatının 20 ilini Azərbaycan ədəbiyyatı və mətbuatı ilə bağlı nümunələri fransız oxucularına çatdırmaqda Lüsyən Buvanın fəaliyyəti təqdirəlayiqdir.”

Kitabda “Ceyhun Hacıbəylinin bir məqaləsi”ndə “Qafqaz müsəlmanlarında təhsil” sərlövhəli məqalədən bəhs olunur. Məqalə ”Dağıstani” imzası ilə çap edilmişdir. Müəllif yazır: “ Məqalənin ruhu, yazı üslubu, toxunulan məsələ və nəhayət imza bu yazının məhz Ceyhun Hacıbəylinin qələminin məhsulu olmasını bir mənalı şəkildə təsdiq edir.

Yazının tam tərcüməsini verməzdən əvvəl bir mühüm məsələyə də toxunmaq istərdik. Məqalə “Qafqaz müsəlmanlarında təhsil” sərlövhəsi altında verilsə də, orada söhbət yalnız Azərbaycandakı təhsildən gedir.”Fədakar azadlıq carçısı Ceyhun Hacıbəylinin ” İlk müsəlman respublikası: Azərbaycan” adlı araşdırması onun böyük Vətən sevdasının ifadəsidir. Həmin məqalə 1906- ci ilin noyabr ayında Parisdə nəşrə başlayan”Müsəlman aləmi juranalı”nın (“Revne du monde musulman”) 1918-ci ildə çapdan çıxan 36-cı nömrəsində dərc olunmuşdur. Məqaləni fransız dilindən tərcümə edən kitabın müəllifi Əsgər Əliyev qeyd edir: ”C.Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən tədqiqatçılar bu məqalənin adını çəksələr də, onun nədən bəhs etməsi barədə fikir söyləməmişlər.

Məqalədəki faktlar azərbaycanlı oxucuların əksəriyyətinə məlum olsa da, ölkəmizin tarixi, orada baş verən hadisələr barədə fransızlara ətraflı məlumat vermək, onu tanıtmaq baxımından çox qiymətli əsər hesab edilə bilər.”Beləliklə, müəllifin “Fransa mətbuatında Azərbaycan” kitabı həm Azərbaycan siyasi mühacirətinin yeni materallarla tamamlanması, tədqiqatların zənginləşməsi, həm də Fransa mətbuatında Azərbaycanla bağlı məsələlərin yeni səhifələrinin tədqiqatçılara çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında ədəbi əlaqələrimizə elmi töhfələr verən, əməkdaşlığın inkişafı və davam etdirilməsində yeni araşdırmaları ilə kitabları ərsəyə gətirən müəllifə yeni yaradıcılıq uğurları arzulayırıq.

Afət Sadıqoğlu