Yeni dünyaya gələn körpəyə ad qoyulması şəxsiyyətin formalaşmasına və uşağın böyüdükdən sonra həyatına təsir edən mühüm amildir. Körpə doğulmazdan əvvəl valideynlərin tez-tez danışdıqları mövzulardan biri də "ad"ı təyin etməkdir. Bu baxımdan valdeyinlərin övladlarına gözəl ad seçməsinin böyük əhəmiyyəti var. Çünki bir insanın adı ömrünün sonuna kimi onunla yoldaş olan, onun xarakter və şəxsiyyətinin formalaşmasına təsir edən ən mühüm atributlardan sayılır. Ad seçilməsi şəxsin öz əlində olmur. İnsana ad valideynləri tərəfindən verilir. Buna görə adı daşıyan şəxs böyüdükcə bu adla fəxr də edə, utana da bilər.
Mütəxəssislər adın mənasının uşağın şəxsiyyətinin formalaşmasına və sonrakı illərdə münasibət və davranışlarına təsir etdiyini, buna görə də valideynlərə ad verərkən diqqətli olmaları barədə xəbərdarlıq edirlər.
Bəziləri körpələrinə baba və ya nənə adı verməyi üstün tutur, digərləri isə daha müasir bir adla razılaşırlar.
Ad, insanın cəmiyyətdə və sosial mühitdə tanınmasını fərqləndirən bir xüsusiyyət olaraq görülsə də, insanın şəxsiyyətinin inkişafı və mənsubiyyət hissində böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən ad verərkən nəzərə alınmalı olan bəzi məqamlar var.
"Ad mənsubiyyət hissinin formalaşmasında mühüm amildir"
Uşağın öz kimliyindən imtina edərək modernləşməsini istəyiriksə, ona uyğun olaraq da ad verə bilərik. Uşağın modernləşdirilməməsi və ənənəvi olaraq qalması lazım olduğunu söyləsək, buna uyğun olaraq ad verəcəyik.
Cəmiyyətimizdə yaxşı, mənalı adlarla yanaşı, mənasız adları olan, adları ilə müsbət və ya mənfi təsəvvür yaradan, öyünən və ya xəcalət hissi keçirən insanlar var. İnsanın gün ərzində on dəfələrlə adı ilə çağırıldığını nəzərə alsaq, bunun əhəmiyyətini anlamaq çətin olmaz. Uşaqlara mənasız adların qoyulması, təbii ki, müəyyən yaşdan sonra elə uşaqların özünə böyük təsir göstərir, ona neqativ enerji “bəxş edir”.
“Adınız Ruhunuzdur”
Axirət dünyasına gələndə ruhdan soruşulur: "Adın nədir, adına uyğun yaşamısanmı?"
Bir ad valideynlərin uşağa verdiyi və uşağın həmişə daşıyacağı bir hədiyyədir.
Adı ömrü boyu onunla qalır və sonra məzar daşına yazılır. Sərvət səni məzara qədər izləmir, amma adın gedir. Bu səbəbdən də ad seçmək çox diqqətlə düşünülməlidir. Uşağınızın adının yalnız müsbət mənaları olduğuna əmin olun.
Uşağınızın həmişə qürur duyacağı bir ad istifadə edin, unutmayın ki, uşağınızın adı əbədi kimliyidir
Bu baxımdan uşaqlara ad qoyulmasında valideynlərin dünya görüşü, milli və mənəvi dəyərlərə bağlılığı mühüm rol oynayır.
Bəs dinimizdə uşaqlara ad qoyulması ilə bağlı hansı tövsiyələr var?
İslam dininə görə, gözəl ad uşaqda dəyər və şəxsiyyət hissi oyadır. Buna görə də Peyğəmbərimiz uşaqların pis adlarını dəyişdirərmiş. Dini dəyərlərimizə görə, yeni doğulan uşağa gözəl ad qoymaq valideynlərin üzərinə düşən vəzifələrdəndir. Uşağa qoyulan ad həm bu dünyada, həm də axirətdə keçərlidir. Məhəmməd Peyğəmbər uşaqlarla yanaşı, böyüklərin də adlarıyla maraqlanmış, xoşuna gəlməyən bəzi isimləri dəyişdirmişdir. Bununla yanaşı, uşaqlara qoyulacaq gözəl adlarla əlaqəli də məlumatlar vermişdir. Çünki hədisi-şərifdə “Siz qiyamət günündə adlarınızla və atalarınızın adları ilə çağırılacaqsınız. Buna görə də gözəl adlar qoyun!” buyurulmuşdur. İmam Musa Kazım buyurur: “Atanın ilk yaxşılığı övladına gözəl ad qoymaqdır”.
Psixoloq Aytən Ələkbərova məsələ ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, insanların həyatında adların mühüm rolu var.Bir adın daşıyıcısının ilkin olaraq özünün sosial və biolojik varlıq olmasına baxmayaraq şəxsiyyət kimi hiss etməsində əhəmiyyəti var. Əvvəllər bəzi insanlara verilən adlar ad kimi belə səslənmirdi. Bu insanın həyata və sosail həyata adabtasiyasına çox mənfi təsir göstərir. Birin insanın ruhunun varlığı onun sosial və biolojik varlığının olması deməkdir. Sosial varlıqda biz özümüzü təqdim etməkdən ötrü bu adları səsləndiririk. Bu adlar bəzən uğurlu nəticələrə gətirib çıxardır. Məsələn uşağa Cavanşir adı qoyulub, lakin buna baxmayaraq uşağımızda uğursuz addımlar olduqda şəxsiyyətə sosial mühit təsir edir ki, sənin adın Cavanşirdir sən adın kimi olmalısan. Bu isə şəxsdə çox ciddi təsirlərə səbəb olur. Uğur adını daşıyırsansa, mütləq uğurlu olmalısan kimi bir qayda yoxdur. Övladlarımıza ad seçən zaman çox dinamik düşüncəmiz olmalıdır. Yəni övladımıza ad qoyarkən kişik yaşlarından səslənərək birinci, ikinçi şəxsiyyət dövrünə keçdiyi zaman artıq yeniyetməlikdən sonra özünü təsdiq etməsi adı ilə bağlı düşüncələrdə özünü göstərə bilir.
Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar bunlardır:
Belə ki, ötən müddət ərzində oğlan uşaqları arasında ən çox qoyulan ad Əli olub. Bu il ərzində bu ad 427 uşağa verilib.
Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlardan 406 uşağa Yusif, 399 uşağa Uğur, 393 uşağa Hüseyn, 280 uşağa Məhəmməd, 262 uşağa Ömər, 247 uşağa Murad, 188 uşağa Raul, 184 uşağa Ayxan və 178 uşağa isə Tunar adı verilib.
Həmçinin cari ildə qızlar arasında Zəhra adı birinciliyi qoruyub. Bu il ərzində bu ad 466 uşağa verilib. Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 361 uşağa Zeynəb, 336 uşağa Aylin, 326 uşağa Məryəm, 325 uşağa Mələk, 308 uşağa Fatimə, 275 uşağa Nilay, 248 uşağa Nuray, 240 uşağa İnci və 211 uşağa isə Mədinə adı qoyulub.
Beləliklə, bu il ərzində uşaqlar arasında ən çox qoyulan ad Əli və Zəhra olub.