Qəzza ilə sərhədində İsrailin illərdir tətbiq etdiyi blokadaya etiraz olaraq onlarla fələstinli gənc Qəzzanın şərq sərhədində toplanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sərhəddə məşəl yandıran gənclər nəqliyyat vasitələrinin təkərlərini də yandırıb. Səhiyyə Nazirliyinin Qəzzadakı açıqlamasına görə, İsrail əsgərləri fələstinli gənclərə güllə və gözyaşardıcı qazla hücum edib. Hadisələrdə, Qəzzanın şimalındakı Cibaliya Qaçqın düşərgəsindən 26 yaşlı Əhməd Mustafa Salih həyatını itirib və uşaqlar da daxil olmaqla 15 nəfər yaralanıb. Nümayişçilərdən 5-nin güllə, 10-nun isə qəlpə və ya müxtəlif yollarla yaralandığı bildirilib. 6 gün ərzində "Gecə Mayhem Birliyi" adı altında bir araya gələn fələstinli gənclər, İsrailin 15 illik blokadasına etiraz olaraq avtomobil təkərlərini yandırmaq və müxtəlif bölgələrdəki sərhəd zolaqlarına səs bombaları atmaqla yəhudi yaşayış məntəqələrini və İsrail əsgərlərini narahat etməyi hədəfləyir.