Azərbaycanlı musiqiçi Opera Sənəti Festivalında

3 Sentyabr 2021 02:44 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, respublikanın Əməkdar artisti Əyyub Quliyev Almaniyada İmmlinq Opera Sənəti Festivalında iştirak edib.

SİA "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, Almaniyanın ən füsunkar bölgələrindən biri olan Bavariyada – Qut İmmlinq şəhərində keçirilən festival hər il Avropa, ABŞ, Latın Amerikası, Çin və Yaponiyadan dəvət olunmuş tanınmış opera müğənniləri, dirijor və rejissorları bir yerə toplayır.

25-ci dəfə keçirilən festival müxtəlif uğurlu və yeni lahiyələri ilə diqqəti cəlb edib.

Bavariya orkestri ilə bərabər beynəlxalq ifaçılardan ibarət xor və ABŞ, Litva, Danimarka, Rusiya, Çin və Qırğızıstandan dəvət olunmuş istedadlı opera müğənnilərinin yer aldığı konsertlərdə C.Puççinin "Turandot", "Bohema", Q.Donisettinin "Sevgi şərbəti", C.Verdinin "Maqbet", "Traviata" və "Luiza Miller", A.Dvorjakın "Rusalka" və A.Tomanın "Hamlet" operalarından nümunələr səsləndirilib.

Konsertlərin əsas yaddaqalan hadisələrdən biri Bavariya Festivalı Orkestri tərəfindən səsləndirilən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüranın səslənməsi olub. Müxtəlif ölkələrdən – Almaniya, Avstriya, İtaliya, Rumıniya və Gürcüstandan dəvət olunmuş tanınmış musiqiçilərdən ibarət orkestrin bu ifası alqışlarla qarşılanıb.