USAİD-in ermənipərəst rəhbəri, ermənilərin “qondarma soyqırımı günü”nü özünün doğum günü elan edən Samanta Pauer yenidən Azərbaycana və qardaş Türkiyəyə qarşı sərsəm ittihamlarla çıxış edib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu dəfə Ermənistandakı Amerika Universitetinə yeni qəbul edilmiş tələbələrə onlayn müraciət edib və Azərbaycanla Türkiyəni “vəhşi” adlandırıb. Heç bir məntiqə və mənaya sığmayan bu cür davranışın, məhz Samanta adlı Sorosçu korrupsionerinə aid olması isə, əslində, təəccüb doğurmur. Belə ki, bu şəxs uzun illərdir ki, istər ABŞ-da, istərsə də digər Qərb ölkələrində açıq-aşkar türkofobiya siyasəti yürütməsi ilə yadda qalır.
Beləliklə, İkinci Qarabağ müharibəsində öz suveren ərazilərinin azadlığı uğrunda canlarından keçən Azərbaycan əsgər və zabitlərini, eləcə də ölkəmizə mənəvi və s. dəstəyini əsirgəməyən Türkiyə dövlətini “vəhşi” adlandıran bu türkofob ünsür adıçəkilən universitetin tələbələri qarşısında onlayn çıxış edərkən müharibədə ölən 6 nəfər erməni tələbənin ölümündən təəssüf hissi keçirdiyini bildirib, onların qohumlarına başsağlığı verib.
Lakin bu zaman belə bir sual yaranır ki, görəsən, Samanta Pauer erməni terrorları nəticəsində Azərbaycan ərazilərində vəhşicəsinə öldürülən azərbaycanlılara görə təəssüf hissi keçirirmi? Yaxud, İkinci Qarabağ müharibəsində torpaqların azadlığı uğrunda canlarından keçərək şəhid olan gənc tələbələrin, ali təhsil müəssisələri məzunlarının ölümlərinə görə təəssüf edirmi? Əlbəttə ki, əsla! Çünki o, açıq-aşkar ermənipərəstdir və erməni lobbisinin pullarını yeyir, üstəlik, şefi olan Sorosun da dəstəyini almaqda davam edir.
Və bu, həmin Samantadır ki, hər dəfə çıxışının əsas hissəsini Bayden administrasiyasının “qondarma erməni genosidini” tanıması ilə fəxr etdiyini bildirir və bu səbəbdən “nə dərəcədə rahatlıq hissi” tapdığını etiraf edir.
Dəyərli oxucu auditoriyamız, Azərbaycan və Türkiyəyə qarşı olan həmin çıxışın videosu ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://www.usaid.gov/news-information/videos/american-university-armenia-commencement-remarks
Xatırladaq ki, USAİD-in rəhbəri əvvəllər də Azərbaycan xalqını təhqir və təhdid edərək sərsəm fikirlərini ictimailəşdirib və biz SİA olaraq bu haqda silsilə yazılarla çıxış etmişik. Və…
Və bütün bu biabırçılıqlardan sonra biz bu ünsürün rəhbərlik etdiyi təşkilatı və onun nümayəndələrini hələ də Azərbaycandan qovmamışıq. Vaxtı deyilmi?
Rövşən RƏSULOV