“Rəsmi İrəvanın sərgilədiyi mövqe onun destruktiv siyasətindən xəbər verir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

2 Sentyabr 2021 15:02 (UTC+04:00)

“Ermənistanın xarici işlər nazirinin Azərbaycan tərəfinin guya ki, 10 noyabr razılaşmalarının şərtlərini yerinə yetirməkdən boyun qaçırması ilə bağlı verdiyi bəyanat rəsmi İrəvanın növbəti yalanı və təxribatçılığından başqa bir şey deyil. Azərbaycan məlumdur ki, özü erməni tərəfindən həmin razılaşmalarının yerinə yetirilməsi ilə bağlı qəti və real addımların atılmasını israrla tələb edir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, rəsmi Bakı tərəfindən tətbiq olunan iqtisadi blokadanı aradan götürməyə, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına hazır olduğunu bəyan edib: “Amma bunların müqabilində Ermənistan nə Azərbaycan torpaqlarına olan iddialarından imtina etdiyini rəsmən dilə gətirmir, üstəlik, Xankəndidəki separatçı rejimi maliyyələşdirməkdə və silahlandırmaqda davam edir. Rəsmi Bakının və Türkiyənin bölgədə sabitlik və təhlükəsizliyinə xidmət edəcək təkliflərinin müqabilində Ermənistanda revanşist və təxribatçı qüvvələri fəaliyyəti və çağırışları tərəflər arasında etimad və əməkdaşlığa deyil, əksinə, qarşıdurmanın güclənməsinə səbəb olacaq mühitin formalaşmasına xidmət edir. “Zəngəzur dəhlizi”nin nəhayət ki, açılması, sərhədlərin demorkasiya və delimitasiyasi ilə bağlı rəsmi İrəvanın sərgilədiyi mövqe onun destruktiv siyasətindən xəbər verir. Təəssüflər olsun ki, mövcud vəziyyətə görə məsuliyyət daşıyan tərəflər arasında rəsmi İrəvan himayədarlıq edən qüvvələr də var və bölgədə geosiyasi maraqların üst-üstə düşməməsi ATƏT-in Minsk Qrupu da təmsil olunan tərəflərin də nümayiş etdirdikləri ikili standartların əsas səbəblərindəndir”.