"Vaqif Poeziya Günlərinin açılışı mühüm tarixi əhəmiyyət kəsb edir" - MƏQALƏ

2 Sentyabr 2021 12:44 (UTC+04:00)

2021-ci il 30 avqustda görkəmli Azərbaycan şairi, siyasi və ictimai xadim olan Molla Pənah Vaqifin poeziya günlərinin açılışı olmuşdur. M.P.Vaqif Azərbaycanın XVIII əsr mədəniyyətin əsas simalarından sayılır. O, Qarabağ xanı İbrahimxəlil xanın vəziri olmuş və Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Qarabağın bütün təbii gözəllikləri onun poeziyasının və fəlsəfi-estetik təfəkkür mədəniyyətinin vətəni idi. Azərbaycan ədəbiyyatında cənnət məkan Qarabağı söz sənətində bənzərsiz canlandıran ikinci bir şəxs olmamışdır.

"Böyük şairimiz Molla Pənah Vaqif XVIII əsrdə şeir dilini xalq dilinə daha da yaxınlaşdırdı. Onun yazdığı şeirləri xalqın bütün təbəqələri həm anlaya, həm də qavraya bildi, həm də sevdi. Beləliklə o, Azərbaycan şeirində yeni bir yol açdı". Ulu öndər Heydər Əliyevin Molla Pənah Vaqif haqqında fikri çox böyük əhəmiyyət kəsb edir. Şuşada yazıb yaratmış görkəmli şəxsiyyət M.P.Vaqif poeziyası sovet dönəmində Azərbaycan rəhbəri olmuş Ulu öndərin Heydər Əliyevin daim diqqətində olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada şairin məqbərəsinin açılışı oldu. Bu hadisə tək Vaqif poeziyasının müdafiyəsi deyil həmçinin qədim Şuşa-Pənahabad şəhərinin müdafiyəsi idi. Çünki sovet hakimiyyəti illərində ermənilər himayədarlarının vasitəsilə qədim Şuşa şəhərini erməniləşdirməyə çalışırdılar. Lakin ulu öndərin uzaqgörən siyasəti nəticəsində ermənilərin siyasi təxribatlarının qarşısı qətiyyətlə alınırdı. Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdı və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdı.

Tarixin çətin anları bizi öz mədəni keçmişimizdən uzaqlaşdıra bilmədi. 28 il işğalda qalan Şuşa şəhəri mədəniyyət ocağı kimi Azərbaycan xalqının yaddaşında idi. Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mədəniyyət beşiyimiz Şuşa şəhəri 8 Noyabr 2020-ci ildə işğaldan azad olundu. Bir çox ədiblərimiz kimi Vaqifin də poeziyası xalqımıza qovuşdu.

Şuşa şəhərinin bərpasına bu ilin yanvar ayından başlanıldı. Qısa vaxt ərzində inanılmaz işlər həyata keçirildi. Azərbaycan iqtisadi qüdrətini bu anlarda göstərməyə başladı. Şuşanın tarixi abidələri Heydər Əliyev Fondunun təşəbbüskarlığı ilə yenidən bərpa olunmağa başlanılıb. 2017-ci ildə cənab prezident İlham Əliyevin Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncamı ilə Vaqif Poeziyasına siyasi qiymət verilmişdir və məhz Şuşa şəhərində Vaqif Poeziya Günlərinin açılışı mühüm tarixi əhəmiyyət kəsb edir. Vaqif poeziyası Qarabağda yenidən həyat tapmış oldu.

Elzamin Həsənov

Xəzər rayonu 230 nömrəli tam orta məktəbin Tərbiyə İşləri üzrə direktor muavini