Sağlıqlı market alış-verişi dedikdə nə nəzərdə tutulur? - QİDALANMA MÜTƏXƏSSİSİ AÇIQLADI

2 Sentyabr 2021 12:12 (UTC+04:00)

“Ümumiyyətlə, marketə ehtiyac olmadıqda girmək lazım deyil. Bu əsas məsələlərdən biridir. Daha sonra əsas məsələlərdən biri hər kəsin bildiyi, amma unutduğu ac olarkən marketə girmək düzgün hesab olunmur və sonda əgər hər hansı bir vasitə, hər hansı bir ehtiyac üçün gediriksə, sadəcə onu alıb çıxmağımız ən doğrusudur. Bu ilkin səbəblərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bundan başqa marketə alış-verişə gedərkən mütləq şəkildə ilkin olaraq siyahını hazır tutmalıyıq, siyahı ilə marketə girməliyik: “Əgər hər hansı bir yemək bişirmək üçün qida seçəcəyiksə mütləq şəkildə burada daha əvvəldən bildiyimiz və ya markasını tanıdığımız məhsulu almaq lazımdır. Əks halda marketlərdə bir çox marketinq hiylələri var ki, tutaq ki, girişdə adətən meyvə - tərəvəz yerləşdirirlər və bu meyvə - tərəvəzləri yerləşdirdikdə görünüşünü göstərmək istəyirlər. Yəni, marketdə hər şey təzədir və freş görüntü verirlər. Bununla da insan artıq ilk görünüşdə bunu gördükdən sonra bütün marketi gəzməyə davam edir və gəzdikcə təbii ki, qidaların rənginə, parlaqlığına görə eyni zamanda məhsulların daha cəlbedici olması üçün gözlə eyni səviyyədə olan yerləşdirilir və yaxud uşaqların diqqətini çəkmək üçün onların istifadə edəcəyi məhsulları daha onların gözü görəcəyi yerdə yerləşdirirlər ki, bu da əsas marketinq hiylələrindən biridir. Mütləq şəkildə əgər kiçik uşaqla marketə gedəcəyiksə, diqqət etməliyik və yaxud da mümkün qədər uşaqları marketə aparmamaq lazımdır. Ondan başqa isə adətən içkilər var ki, bunları da qablaşdırdıqda düşünürlər ki, uşaqlar üçün daha əlverişlidir və yaxud onun qapağında uşağın istifadəsi üçün daha rahat qablaşdırma ediblər, halbuki digəri ilə eyni tərkibdə olmasına baxmayaraq, sadəcə ona görə qiymət artımı artıq üç dəfə artıq, bəzən dörd dəfə artığa qədər gəlib çıxır. Bu da əsas məqamlardan biridir və daha sonra mütləq şəkildə çörək marketin ən son nöqtəsində yerləşdirilir və bu da yenə də marketinq hiylələrindən biridir. Çünki çörəyin almaq üçün tam marketin ən son nöqtəsinə gedənə qədər artıq biz bir neçə rəfləri görməli olacayıq və onların arası ilə gəzməli olacağıq. Bu marketinq hiylələrinin bizi aldatmaması üçün diqqətli olmalıyıq”.

Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Daha sonra endirimdə olan kampaniya mallarına heç vaxt aldanmamaq lazımdır. Çünki əksər hallarda marketlərdə vaxtı bitməsinə az qalmış məhsulları bir - birinə bağlayıb hədiyyəli, 1 + 1 və yaxud digər adlar altında kampaniyalar edirlər ki, bu da yolverilməzdir. Bunlar artıq vaxtı keçmiş məhsullardır və istifadəyə yararsız olur. Eyni zamanda da qiymətlərdə də endirimlər edirlər ki, bu da alıcıları aldatmaq üçündür, bəzən beş manatlıq məhsulu 4.99-a qoyurlar. Bu şəkildə də yenə həmin mallara da diqqət etmək lazımdır ki, onların da ya qablaşmasında problemlər olur və yaxud da ki, yenə də istifadə müddətinə az qalmış məhsullar olur”.

“Əgər biz sağlam alış-veriş etmək istəyiriksə, siyahımızı öncədən tutub bizə lazım olan məhsulları almalıyıq, təzəliyinə diqqət etməliyik, uzun müddətli qablaşdırılmış məhsullardan mümkün olduqca uzaq durmalıyıq. Meyvə - tərəvəzlərdən isə yaxşı olar ki, yerli meyvə-tərəvəzlər alaq. Adətən, marketlərdə xaricdən idxal olunan məhsullar daha çox yer alır. Buna görə də meyvə-tərəvəz alarkən də yerli məhsullara fikir verməliyik”.

“Bir də əsas məsələlərdən biri böyük marketlərdə çox vaxt belə olmur, amma kiçik, məhləarası marketlərdə ya yer az olur və yaxud da ki, malların saxlama prinsipi pozulur. Xüsusilə, yay aylarında soyuducuda müxtəlif məhsulları yan - yana saxlayırlar ki, bu da məhsulların tərkibinin dəyişməsinə və çarpaz çirklənməyə səbəb olur. Xüsusilə, ət məhsullarının yanında süd məhsullarının saxlanılması və yaxud dondurmaların yanında digər məhsulların saxlanılması da sağlamlıq üçün yolverilməzdir. Mütləq şəkildə məhsulları alarkən mağazanın sanitar - gigiyena qaydalarına uyğun olub olmadığını və məhsulların düzgün şəkildə saxlanıldığına da diqqət olunması vacibdir”.

Ayşən Vəli