Erməni KİV: Rusiyadan növbəti Qarabağ xəyanəti - ANALİZ

1 Sentyabr 2021 18:22 (UTC+04:00)

Ermənistana Rusiya da daxil dünyanın xristian kəsimindən edilən yardımlar bu ölkəni o qədər arxayın salıb ki, erməni rəhbərləri bu dəstəyin nə vaxtsa sona çata biləcəyini ağıllarına belə gətirməyiblər. Əslində başqalarından hər cür dəstək alan ermənilərin sonda heç bir iş görmədikləri, yalnız milyonların öz şəxsi mənafeləri üçün xərclədikləri üzə çıxır. Hər il, dünyanın müxtəlif ölkələrində keçirilən “Qarabağ” marafonundan toplanan milyonlar ya Koçaryanın, ya Sarkisyanın, ya da Bako Saakyanın cibinə gedib. Gözünü ianələrə dikən sadə ermənilər isə növbəti ildə toplanacaq milyonlardan onlara da çatacaq, ümidi ilə gözləyiblər və yaşayıblar.

Ermənistanın bir dövlət kimi mövcudluğunda Rusiyanın böyük, həm də çox böyük rolu olub və var desək, yəqin ki, kimsə buna şübhə etməz. Çar Rusiyası gələcəkdə qurulacaq və “Ermənistan” adlanacaq dövlətin ərazisində erməni çoxluğu yaratmaq üçün İran, Suriya, Livan, Türkiyə və Rusiyadan minlərlə ailəni Azərbaycanın ən gözəl, münbit və səfalı yerlərində məskunlaşdırıblar. Tarixi saxtalaşdırmaqdan belə çəkinməyiblər, saxta xəritələr cızıblar, saxta tarixlər yazıblar, saxta millət formalaşdırıblar. Hamısını da Azərbaycan ərazilərində, Azərbaycan xalqının qanı, canı, məhrumiyyətləri hesabına. Amma ermənilərin yaxın-uzaq havadarları bununla da kifayətlənməyib SSRİ-nin dağılmasından sonra son həmləyə əl ataraq Azərbaycanın daha böyük ərazilərini ələ keçirməyə çalışdılar. 30 il işğal etdikləri torpaqları hüquqi cəhətdən özəlləşdirə bilmədilər. Nəticədə torpaqların əsl sahibi düşmənin başını əzərək onu lazımi yerə qədər qovdu...

44 günlük Vətən müharivəsi təkcə Ermənistan adlı dövlətin məğlubiyyətini gətirmədi, erməni separatizminin kökünü kəsdi, son qalasını dağıtdı, uydurma erməni mifini alt-üst etdi. Düz 30 il bundan əvvəl erməni millətçilərinin qızışdırdığı separatçılar xarici havadarlarının, o cümlədən Sovet-rus ordusunun aktiv hərbi əməliyyatları, hərbi dəstəyi nəticəsində Azərbaycanın dilbər guşəsi olan, heç vaxt Ermənistan adlı dövlətinin tərkibində, idarəçiliyində olmayan Dağlıq Qarabağ və ətraf 7 rayon işğal etdilər. Ermənistan və ona dəstək olan dövlətlər Azərbaycanda baş verən daxili çəkişmələrdən istifadə edərək qondarma “respublika” elan etdilər. 2 sentyabr tarixinə təsadüf edən bu hadisə nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşı öz doğma yurd-yuvasından məhrum edildi. Evlər yağmalandı, dağıdıldı, milli-mədəniyyət abidələri talan edildi.

30 il ərzində dünyanın heç bir ölkəsi, hətta Ermənistan “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumum müstəqilliyini tanımadı. Azərbaycan diplomatiyası hər yerdə Ermənistanın yolunu kəsdi, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağın Azərbaycana aid olduğunu tutarlı faktlarla, sənədlərlə sübut etdi.

44 günlük müharibəni sona gətirən Noyabr bəyannaməsindən sonra Prezident İlham Əliyev Azərbaycan televiziyasına verdiyi müsahibəsində deyirdi: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər”.

...İndi Ermənistanda yeni hökumət qurulub. Azərbaycan böyük sülh sazişi üçün yeni hökumətdən konstruktiv addımlar gözlədiyi bir vaxtda erməni dövlətinin yeni XİN başçısı Rusiyada keçirdiyi görüşdə yenə separatçı mövqe sərgiləyib, indiki vəziyyətdən gileylənib.

Ermənistan mətbuatı isə... bunlar üçün dövlət quran, faktiki olaraq ermənilərin taleyini, sağ qalmasını təmin edən ağalarından – Rusiyadan narazılıq, giley və hətta xəyanət dolu məqalələr tirajlamaqdadır.

Ermənilər səlahiyyət müddəti bitməkdə olan, senatorluğa hazırlaşan Sergey Lavrov barəsində yazır: “Lavrov ermənilər üçün heç də müsbət cəhətdən xatırlanacaq birisi deyil. Çünki o, daim Ermənistana təzyiq göstərib. Bəli, Lavrov Ermənistanı Azərbaycan tərəfdən mütəmadi olaraq ittiham edib. Nə qədər təəccüblü səslənsə də, həqiqətən də Ermənistanda özünə pis ad qoyan adamdır. Hamımız xatırlayırıq, onun Serj Sarkisyanın hakimiyyəti illərindəki səssiz bəyanatlarını, Edvard Nalbandyana verdiyi sifarişdən sonra Sürixdə imzalanan utancverici erməni-türk protokolları”.

Erməni mətbuatı yazır: “Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatlar zamanı Lavrovun tamamilə yersiz çıxışlarını, özünün və Rusiya Prezidenti Vladimir Putinin utancverici addımlarını sükutla xatırlayırıq. Həmin müharibədə minlərlə erməni öldü və özünü rəsmi olaraq strateji müttəfiqimiz adlandıran Rusiya bu müharibəni dayandırmadı. Ancaq hər kəsə əzmkarlığını göstərmək vacib olduğu halda Rusiyanın necə hərəkət edə biləcəyini gördük. 2008-ci ilin avqustunda Gürcüstanda belə oldu. Krımın ilhaqı zaman da belə oldu. Aydındır ki, Kreml bu addımların nəticələrini başa düşsə də, bu, onları dayandırmadı. Lakin tarixi müttəfiqləri olan erməni xalqının müdafiəsi məsələsi olanda Kreml acınacaqlı ifadələrin arxasında gizlənmək qərarına gəldi. Birdən "Azərbaycanın ərazi bütövlüyü"nü xatırladılar. Amma, Gürcüstan və Ukraynanın ərazi bütövlüyü haqqında bir kəlmə də danışmadılar. Həm Gürcüstanla müharibə, həm də Krımın ilhaqı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov idi. Lavrovun bəzən müdafiə naziri vəzifəsini icra etməsi də əbəs yerə deyildi”.

Moskvada keçirilən görüş barədə yazan erməni KİV-i bildirir: “Bütün bunları xatırlayırıq və sadalayırıq. Çünki yenə də Rusiyanın Xarici İşlər Nazirliyi rəhbərinin şəxsində açıq bir xəyanət faktını gördük. Bu, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri zamanı baş verdi. Bəli, Lavrov bir sıra bəyanatlar verdi. Onun sözlərinə görə, Rusiya Azərbaycan tərəfini bütün erməni hərbi əsirləri heç bir şərt olmadan azad etməyə çağırır. “Biz bu siqnalı (hər kəsi hər kəsə dəyişmək) azərbaycanlı həmkarlarımıza göndəririk, hər kəsi heç bir şərt olmadan azad etməyə çağırırıq" dedi Lavrov. Amma məsələ ondadır ki, Bakı onun açıqlamasına məhəl qoymur. Dəfələrlə bu məsələnin onlar üçün bağlı olduğunu bildiriblər. Bu baxımdan Rusiya növbəti bəyanatlar istisna olmaqla, heç nə etmir”.

Ermənilər Lavrovun onları daim təzyiq altında saxladığından gileylənirlər: “Lavrov ölkəmizə təzyiq edir və bunu daha uğurla edir. Deyir ki, uzunmüddətli həll yalnız sərhədin delimitasiyası və demarkasiyası ilə mümkündür. Rusiya Prezidentinin bununla bağlı təşəbbüsü hamıya məlumdur. Rusiyanın XİN rəhbəri deyir ki, biz bu prosesə hər cür kömək etməyə hazır olduğumuzu təsdiqlədik. Gördüyünüz kimi, Azərbaycan qoşunlarının Ermənistan ərazilərindən çıxarılması ilə bağlı heç bir tələb səsləndirmədi. Ümumiyyətlə, özünü sadə bir şeyi başa düşməmiş kimi göstərdi - rəsmi Bakı bəzi sovet xəritələrinə əsasən Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyasını həyata keçirəcək, əslində ərazilərimizi zəbt etmək və erməni əhalisini buradan qovmaq siyasətini həyata keçirəcək”.

Separatçıların tör-töküntüləri Xankəndi və ətraf yaşayış məntəqələrində “müstəqillik”lərinin növbəti ildönümünü qeyd etməyə hazırlaşırlar. Rusiyadan gileylənən bu kütlə yenə Rusiya sülhməramlılarının mövcudluğundan cürətləniblər. Maraqlıdır, bir tərəfdən onları ölməyə qoymayan ruslardan gileylənir, digər tərəfdən onların çətiri altında müstəqillik havasına oynamaq istəyirlər. Amma nə vaxta qədər?

V.VƏLİYEV