Yevlaxda “Şəhidlər Xiyabanı” əsaslı təmir edilir

1 Sentyabr 2021 13:04 (UTC+04:00)

Son illərdə Yevlax şəhərinin mərkəzində yerləşən “Şəhidlər Xiyabanı”nda hər hansı əsaslı təmir işləri aparılmadığından burada ürək açmayan vəziyyət yaranmışdı ki, bu da zaman-zaman şəhid ailələrinin haqlı narazılıqlarına səbəb olurdu. Bu hallar və müraciətlər nəzərə alınaraq Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda əsaslı təmir işlərinə başlanllıb. Xiyaban surətdə yenidən qurulur, səliqə-sahman yaradılır, ərazidə geniş abadlıq-tikinti işləri sürətlə davam etdirilir. Məzarların ətrafına yeni mərmər plitələr döşənir, bordyurlar yenilənir. “Şəhidlər xiyabanı”nın hasarında suvaq işləri görülür, Xiyabanın işıqlandırılması üçün yeni işıq dirəkləri quraşdırılıb, keçidlərə 2400 kv metr tamet döşənib, 1500 p/metr səki daşı qoyulub. Xiyaban boyunca xeyli sayda yeni ağac və gül kolları əkilib, əvvəl əkilmiş ağaclara gündəlik qulluq göstərilir.

Yevlax şəhər “Şəhidlər Xiyabanı”nda dəfn olunmuş Birinci Qarabağ və Vətən müharibəsinin 162 şəhidinin məzarlarının təmiri şəhidlərin ailə üvləri və yaxın qohumları ilə məsləhətləşmələrdən sonra, onların istək və arzuları nəzərə alınaraq aparılır. Xiyabanda dəfn edilən bütün şəhidlərə heç bir fərq qoyulmadan görülən işlər ailələrin razılığı ilə qarşılanır, onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edir, dövlətimizin bütövlüyü və əmin-amanlığı naminə yumruq kimi birləşdiklərini bildirirlər.