Araşdırmalara görə, smartfonların gündəlik həyatda və insanlararası münasibətlərdə funksionallığa təsir edən təkrarlanan davranış pozğunluqlarına səbəb olduğu müşahidə olunur. Smartfonların istifadəsi bir çox rahatlıq təmin edir, həm də psixoloji, fizioloji və insanlararası münasibətlərə mənfi təsir edir. Araşdırmalara görə, fərdlərin 5 yaşında ilk cib telefonuna və 10 yaşında ilk ağıllı telefonuna sahib olmaları, cib telefonlarından çox erkən yaşlarından istifadə etməyə başlamalarının telefon asılılığına təsir etdiyini göstərir. Smartfon istifadə pozğunluğu əsasən telefondan uzaq dura bilməmək, telefonu tez -tez yoxlamaq istəyi, smartfonda keçirdiyi vaxtın fərqinə varmamaq səbəbindən yuxu keyfiyyətinin pisləşməsi və istifadə səviyyəsinin artmasından qaynaqlanır. Bəs, bunların baş verməməsi üçün uşaqlar neçə yaşında telefon alınmalıdır? Uşaqların smartfonlardan istifadəsi necə tənzimlənməlidir?
Bu barədə psixoloq Aytən Ələkbərova SİA-ya öz fikirlərini bölüşüb. O mövzuyla bağlı deyib: “ Əslində, övladlarımızın telefona meyil etməsi və ondan istifadə etməsi təbiidir ki, bir sıra hafizədə psixi əməliyyatlarla bağlıdır. Yəni onlarla fəal sürətdə yiyələnmək, insan özünə lazım olan informasiyanı əldə etmək üçün telefonun daha çox bu məqamından istifadə edir. Amma gəlin görək bizim uşaqlar necə? Təbii ki, hafizə hadisəsi eyni dərəcədə emosional aləmə, qavrayış sahəsinə aid ola bilir. Bu, eləcə də, hərəki prosseslərdə intellektual təcrübənin möhkəmlənməsini əhatə edir. Əgər biz bununla bağlı bir övladımızın hafizəsinin fəaliyyətinə nüfuz edən tərəfləri görürüksə, təbiidir ki, biz onu elə tənzimləməliyik ki, övladımız bunu şüurlu şəkildə qəbul edə bilsin. Yəni həmin prosseslərin qarşılıqlı əlaqəsinə diqqət edirik ki, bizə lazım olacaq tərəfdən müəyyən materialları yadında saxlaya bilsin. Hansı ki, indi hazırda onlayn sistemdir. Onlayn sistemin özünün içərisində baxırıq ki, məcburən biz materiallardan istifadə etməliyik. Demək ki, biz övladımıza ancaq və ancaq bu sənin intellektual səviyyəni artırmaq üçündür deyə bəzi fikirlərimizi tez-tez xatırlatsaq daha yaxşı olar. Bəzən də biz baxırıq ki, övladlarımızın yeniyetmə yaşına çatan bir dövrdə 7-13 yaş aralığı bu, hansı ki ikinci şəxsiyyət dövründən üçüncü şəxsiyyət dövrünə keçiddir. Bəli bu zaman müəyyən xaotik dövr olduğu üçün müəyyən gözləmədiyimiz hadisələrə ortaya çıxa bilər. Mütləq şəkildə valideyinin diqqəti və nəzarəti olmalıdır. Onunla bərabər hər hansı filmi izləməsi, gözəl bir musiqini dinləməsi, gözəl bir musiqinin müşaiyyəti ilə bərabər ev işlərini görə biləcəyi məqamlar və yaxud deyək ki, yolda getdiyiniz zaman avtomobildən istifadə etmək üçün musiqiyə qulaq asmaq kimi addımlar atmaq olar. Amma biz bəzən baxırıq ki, bizim övladlarımızın həddindən artıq o oyunlara meyil etməsi onların psixi durumunda zombiləşməyə gətirib çıxarır. Odur ki, biz övladlarımızı telefondan yenə deyirəm elə bir məqamdır ki, tamamilə uzaqlaşdıra bilmərik. Nə də ki, biz bu yaşdan bu telefonu verməməlisiz deyəndə bizi eyni zamanda anlamayacaq insanlar olacaq. Deyəcəklər axı sinifdə filankəsdə var, bu mənim uşağımı depressiyaya salır. Bu depressiyaya salırsa, mən məcburam hə yaxşı sinifdə də hamının varsa, biz də öz övladımıza bunu məsləhət görək. Amma çox gözəl olardı ki, telefondan istifadəni biz övladımıza üçüncü şəxsiyyətə keçid dövründə hansı ki abitruyent hazırlığıdı filan həmin dövrdə ağıllı şəkildə təqdim etməyi bacaraq".
Sosioloq Lalə Mehralı da öz fikirlərini bizimlə bölüşdü. Lalə Mehralı fikirlərini belə dilə gətirib:"Bu sualla iki il əvvəl müraciət etsəydiz, mən deyərdim ki, ümumiyyətlə, yetkinlik yaşına çatana qədər uşaqlara müəyyən istisnalar xaricində telefon verilməyinin əleyhinəyəm. İstisnalar da bu ola bilər ki, valideyin işdə, səfərdə olanda uşaqla əlaqə saxlamaq üçün müəyyən çərçivədə telefon verə bilər. Amma pandemiyanın bizə diqtə etdiyi şərtlərdən biri də mütləq şəkildə hər bir uşaqda smartfon olması məsələsidir. Təhsilə görə, valideyinlər istər öz telefonlarını, istərsə də uşağa özəl telefon vermək məcburiyyətində qalır. Valideyinin smartfonu var, amma bütün günü işdə olur. Övladı dərslərə qoşulmalıdır. Bu zaman da telefon ehtiyacı yaranır. Valideyinlər bu kimi hallar qarşısında uşaqlara telefon almaq məcburiyyətində qaldı. Əksəriyyətimiz bundan məmnun olmasaq da, məcburiyyət qarşısında qalaraq aldıq. Doğrudur, heç vaxt yetkinlik yaşına çatmamış uşaqların smartfondan istifadə etməsini düzgün hesab etməsəm də, pandemiya şəraitində onun əksini eləməyə məcbur qaldıq. Hər kəs kimi mən də oğlumun şəxsi telefonu olsun deyə almadım. Mənim telefonumu istifadə edərək dərslərə qoşuldu. Tutalım, mən bu şəraiti övladım üçün iş saatlarım münasib oldu deyə yaratdım. Səhər tezdən gedib, gecə yarı dönən valideyinlər bu imkandan istifadə edə bilmədiyi üçün övladına smartfon almaq məcburiyyətində qaldı. Təbii ki, uşaqların azad internet istifadəsini təmin etdi. Uşaqlar valideyin nəzarəti olmadan telefondan istifadə etdi. Istədiyi platformalara girib-çıxa bildi. Təbii ki, bu da onun davranışında təlim-tərbiyyəsində özünü göstərir. Valideyinlərdən asılı olmayan səbəblərdən olduğu üçün smartfonları uşaqların həyatından çıxarmaq məsələsi bir qədər real görünmür. Çünki biz bu ildə gözləyirik ki, uşaqlarımız onlayın şəkildə təhsil alacaq. Bu səbəbdən də smartfonları uşaqların həyatlarından tamamilə çıxara bilmirik. Amma maksimum nəzarəti təmin edə bilərik. Yenə təkrar edirəm ki, bir çox valideyin gün ərzində işdə olduğuna görə, nəzarəti həyata keçirə bilmir. Bəziləri texnologiyadan başı çıxmadığı üçün izləmə funksiyalarını yerinə yetirə bilmir. Mən hesab edirəm ki, uşaqları valideyinlərin özü ilə aparması ən yaxşı variantdı. Uşaqlara başa salmaq lazımdır ki, hara giriş-çıxış onun yaşına uyğundu. Hansı platformalar onun yaşı üçün uyğun deyil. Bu məsələni yalnız danışıq yolu ilə həll etmək olar. Uşaqlar elə psixologiyaya malik olurlar ki, onlara qadağan olan nə varsa, onlara maraq göstərirlər. Hansı sayta, hansı platformaya girməsini qadağan etsək, məhdudlaşdırsaq ona yönəlirlər. Bu baxımdan da yalnız danışıq, başa salma yolu ilə nəyəsə nail olmaq olar. Bizdən asılı olmayan səbəblərdən uşaqlar smartfonlara asılı olur, aludəçi olur. Necə deyərlər elnən gələn toy bayramdır. əlimizdən heç bir iş gəlmir. Bütün bunlar pandemiyanın bizə gətirdiyi şərtlərdir".