"Paşinyanın müsbət açıqlamaları olsa da, müsbət addımı yoxdur" POLİTOLOQ ŞƏRH ETDİ

30 Avqust 2021 16:04 (UTC+04:00)

"Paşinyanın müsbət açıqlamaları olsa da, müsbət addım atmayıb". Bunu SİA-ya açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyanın açıqlamaları var ki, qonşularla sülh, barış, inkişaf, kommunikasiya xətləri açılmalıdır: "Lakin bu addımların heç birini atmayıb. Bu addımlar atılmayınca nə Azərbaycanla, nə də Türkiyə ilə münasibətləri normallaşdırmış olacaq. Paşinyanın özü də bilir ki, iki böyük qonşusu ilə münasibətlərin bu şəkildə davam etməsi Ermənistana yaxşı heç nə vəd etmir. Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan onu xatırladıb ki, gərək Paşinyan verdiyi vədləri yerinə yetirsin. Bundan sonra Türkiyə də sərhədləri açsın və Azərbaycan da bu mənada addımlar atsın. Türkiyə Respublikası prezidenti cənab Rəcəb Tayyib Ərdoğan 25 avqust bir açıqlamasında demişdi ki, tək tərəfli ittihamdan Ermənistan əl çəkməli və reallığa baxmalıdı. Bundan sonra Paşinyan Türkiyədən müsbət mesajlar alırıq və müsbət mesajlara pozitiv cavab verəcəyik cavabını verib. Ermənistan əgər razı olarsa, normallaşmaya getmək olar".

Politoloq sözlərinə əlavə edib ki, Ermənistan verdiyi vədləri yerinə yetirməyincə Türkiyə və Azərbaycan heç bir adddım atmayacaq: "Revaşist və ya qeyri-revanşist qüvvələrdən asılı olmayaraq hakimiyyətdə kimdirsə, Ermənistanın xilas olması üçün bu addımları atmalıdır. Bu addımlar atılmazsa, bölgədə nə sülh, nə də inkişaf olacaq. Ermənistan isə heç bir regional layihələrə qoşula bilməyəcək. Bu problem bizdən çox Ermənistanı düşündürməlidir. Çünki Azərbaycanın kifayət qədər imkanları var. Düşünürəm ki, Paşinyan çalışacaq ki, ilin sonuna qədər bir sıra addımlar atsın. Türkiyə regionda söz sahibi ölkələrədən biridir. Türkiyə regionda daha da güclənib".