Hamiləlikdə qəbizlik GİNEKOLOQ AÇIQLADI

30 Avqust 2021 12:16 (UTC+04:00)

"Hamilə qadınların ⅔-də qəbizlik probleminə rast gəlinir. Erkən dövrlərdə qəbizlik, adətən, hormonal dəyişikliklər, qida rasionun dəyişilməsi ilə bağlı olur. Hamiləliyin 2-ci yarısında defekasiya aktının çətinləşməsi böyüyən uşaqlığın bağırsağı sıxması, fiziki aktivliyin azalması nəticəsində baş verir. Belə hallarda qəbizlik təhlükəli sayılmır və qeyri-medikamentoz üsullarla asanlıqla aradan qalxır. Hamiləlikdə qəbizlik sinir-psixoloji dəyişikliklər fonunda da yarana bilər. Hormonal pozğunluqlar və doğuş qorxusu xroniki stress vəziyyəti törədir". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, prosesə vegetativ sinir sistemi qoşulduqda simpatik liflər aktivləşir, bu isə bağırsaq peristaltikasının zəifləməsi və qəbizlik ilə nəticələnir: "Hamiləlikdə qəbizlik 95% hallarda orqanizmdəki fizioloji dəyişikliklərlə bağlı olub, adətən, qida rasionunu korreksiya etməklə və fiziki aktivliyi artırmaqla aradan qalxır. Peristaltikanı normallaşdırmaq üçün qida qəbulu kiçik porsiyalarla, tez-tez olmalıdır. Bu tərz aclıq hissini yox edir, izafi qidalanmanın qarşısını alır. Nəcis kütlələrinin hərəkətini asanlaşdırmaq məqsədilə rasionda qida lifləri ilə zəngin məhsullar (meyvə, tərəvəzlər, dənli bitkilər) üstünlük təşkil etməlidir".

Həkim sözlərinə belə davam edib: "Qadınlara hamiləlik müddətinə uyğun idman hərəkətlərini yerinə yetirmək tövsiyə olunur. İdman saya əzələlərin fəaliyyətini stimulə edir, defekasiyanı asanlaşdırır. Hamiləlikdə emosional gərginliklə əlaqəli qəbizlik zamanı psixoterapiya effektivdir. Həkim təyinatı olmadan bitki mənşəli və yaxud sintetik işlədici vasitələrin qəbulu qadağandır. Belə ki, həmin preparatlar uşaq orqanizminə ziyan vura və yaxud uşaqlığın tonusunu yüksəldə bilər".

Ayşən Vəli