Şəhid jurnalist Abışov Sirac Abış oğlunun doğum günü Sumqayıtda qeyd edilib. Yaşasaydı 32 yaşı tamam olacaqdı... SİA xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə əvvəlcə şəhidin ailəsi ilə görüş keçiririlib, daha sonra Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında şəhidin məzarına ziyarət olunub, gül dəstələri qoyulub.
Anım mərasimində YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, Qubadlı rayon Ağsaqqallar şurasının sədri Əvəz Hüseynov, Sumqayıt şəhərinin axundunun müavini Hacı Gülağa, şəhidin ailə üzvləri, yaxınları və iş yoldaşları iştirak ediblər.
Çıxışlarda bildirilib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Sonra AZTV-nin operatoru olan Sirac Abışovun ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sirac Abış oğlu Abışov 1989-cu il avqustun 29-da Qubadlı rayonunun Dondarlı kəndində dünyaya göz açıb. AZTV-nin operatoru olan Sirac AZƏRTAC-ın əməkdaşları ilə birlikdə Vətən müharibəsindən sonra Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Kəlbəcər rayonlarında düşmənin vandalizmini lentə köçürüb. Bu il iyunun 4-də AZƏRTAC-ın jurnalisti Məhərrəm Əlioğlu ilə birlikdə Kəlbəcərin Susuzluq kəndində düşmənin basdırdığı tank əleyhinə minaya düşərək şəhid olublar.
Ailəli idi, Özgür adında bir oğlu yadigar qalıb.