Ağ Evdə İsrail Baş naziri Naftali Bennett ilə görüşən ABŞ Prezidenti Co Bayden, diplomatiyanın İranla nüvə danışıqlarında müvəffəqiyyətli ola bilməyəcəyi təqdirdə başqa variantlara müraciət etməyə hazır olduqlarını açıqlayıb. Oval kabinetdəki təkbətək görüşdən əvvəl mətbuata çıxan Bennett və Bayden "dostluq" mesajları verib. Bayden dünən Əfqanıstanda Kabildə Həmid Karzai Beynəlxalq Hava Limanında törədilən terror aktında həyatını itirən amerikalı əsgərlərin ailələrinə başsağlığı verib və "Nə olursa olsun Əfqanıstandakı missiyamızı tamamlayacağıq" deyib. Bennetti Ağ Evdə qəbul etməkdən xoşbəxt olduğunu dilə gətirən Bayden, bugünkü görüşdə bir çox ikitərəfli və regional inkişafı, xüsusən də Covid-19-u müzakirə edəcəklərini qeyd edib. ABŞ-ın İsraili dəstəkləməyə davam edəcəyini vurğulayan Bayden deyib: "Bu gün İran təhdidi və nüvə danışıqlarını da müzakirə edəcəyik. Hər şeydən əvvəl demək istərdim ki, diplomatiya müvəffəqiyyətli olmasa, başqa variantlara müraciət etməyə hazırıq. Dərin əlaqələrin inkişafı da bu baxımdan vacib bir məsələdir".