Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev jurnalistlərə verdiyi açıqlamada, dünən yerli vaxtla saat 19.00 radələrində hərbi sursat anbarında 10 -dan çox partlayışın baş verdiyini və partlayışlarla əlaqədar araşdırma işlərinin davam etdiyini qeyd edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bölgədə partlayışların dayandırıldığı, ancaq kiçik miqyaslı yanğının davam etdiyi bildirilir. Hərbi sursat anbarında bir -birinin ardınca meydana gələn partlayışlar nəticəsində 9 hərbçi və xilasetmə qrupu üzvü həyatını itirib. Çoxu yanğınsöndürənlər və xilasedicilər olmaqla 90 nəfər yaralanıb. Partlayışdan sonra 4 nəfərin itkin düşdüyü öyrənilib. Dünən gecədən etibarən ailələr yaralı qohumları haqqında məlumat almaq üçün əyalətin paytaxtı Tarazda 1 saylı Şəhər Xəstəxanasının qarşısında keşik çəkirlər. Xəstəxana rəhbərliyi, yaralıların əksəriyyətinin ilk müdaxilədən sonra evlərinə göndərildiyi və 6 -sı ağır yaralı olan 28 yaralının xəstəxanada müalicəsinə davam edildiyi barədə məlumatı paylaşıb.