“Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə həyata keçirilə bilməz. Bu, onu göstərir ki, Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilib” - İlham Əliyev
Son 15 ildə Azərbaycan özünün tarixində görünməmiş böyük inkişaf mərhələsinə qədəm qoyub. Yeni inkişaf erasının başlıca istiqamətləri respublikamızın bütün mövcud potensialdan səmərəli istifadə etməklə regiondakı mövqeyini əhəmiyyətli şəkildə dəyişdirib və möhkəmləndirib. İndi ölkəmizin sürətli iqtisadi inkişafı sosial sferada çoxşaxəli islahatlar aparmağa, dünya təcrübəsindən uğurla çıxmış təkmil mexanizmləri tətbiq etməyə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər əhalinin sosial müdafiəsini gücləndirmək üçün də möhkəm zəmin yaradıb.
Məhz son 15-20 ildə həyata keçirilmiş iqtisadi islahatlar ölkəmizin ardıcıl şəkildə baş verən qlobal böhranlar qarşısında dayanıqlığını təmin etdi. Son 2 ildəki pandemiya dövründə isə müəyyən bir müddət iqtisdiyyatın bəzi sahələrində iş dayandı, iqtisadi aktivlik azaldı, lakin vaxtında formalaşdırılmış iqtisadi maliyyə bazası ciddi problem yaranmasına imkan vermədi.
Nəinki bir çox ölkələrdə olduğu kimi iqtisadi tənəzzül baş vermədi, əksinə, iqtisadi inkişaf davam etdi. İqtisadi inkişafa stimul verən proseslərdən ən əsası, həyata keçirilən düzgün islahatların nəticəsidir. Ölkə iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında qurulub. Özəl sektorun inkişafı da məhz bunun nəticəsində inkişaf edir. Nəticədə, özəl sektorun payı ümumi daxili məhsulda getdikcə artır.
Həm dövlət büdcəsində, həm də ixracda qeyri-neft sektorunun, eləcə də özəl sektorun payı da getdikcə artır. Nəzərə alsaq ki son illərdə qlobal böhranlar və pandemiya fonunda neftin qiyməti kəskin ucuzlaşmışdı, buna baxmayaraq iqtisadiyyatımız axsamadı, qeyri-neft sektorundakı artım itkilərin yerini kompensasiya edə bildi.
Hazırkı şəraitdə neftin dünya qiymətinin normal həddə - 70 dollar ətrafında stabilləşməsi nəticəsində büdcədə nəzərdə tutulandan artıq valyuta ehtiyatlarının respublikamıza daxil olması fonunda ölkəmizin maliyyə imklanlarını artırır, Neft Fondunun gəlirlərini çoxaldır və sosial layihələrə ayrılan vəsaitlərin həcmini yüksəldir.

Dayanıqlı iqtisadi artımın təmin olunmasına dəstək verən siyasətin dərinləşdirilməsi, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin yüksəlməsi, çevik makroiqtisadi idarəetmənin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşması inkişaf strategiyasının ən başlıca istiqamətlərindəndir. Bir sözlə, ölkənin bütün bölgələrində, kənd və qəsəbələrdə bu məqsədlərin reallaşması nəticəsində tamamilə yeni mənzərə yaranıb.
Ötən il müzəffər Ali Baş Komandanımızın başçılığı altında qəhrəman ordumuz tərəfindən ölkəmizin və xalqımızın ən böyük probleminin həll edilməsi- Qarabağın 30 illik düşmən işğalından azad edilməsi ümumi iqtisadi inkişafımız üçün də böyük üfüqlər açdı.
Qarabağ bölgəsində böyük quruculuq və bərpa işləri başlayır. Burada yeni şəhərlər, kəndlər salınır, istehsal müəssisələri yaradılır, bölgənin aqrar və turizm imkanlarından, faydalı qazıntı resurslarından səmərləli istifadə üçün proqramlar hazırlanır. Bu işlər həm də ölkəmizə xarici sərmayənin artması ilə müşayiət olunur. Bu da son nəticədə iqtisadi artımı sürətləndirəcək.
Ələtdə Azad İqtisadi Zonanın yaradılması, Zəngəzur dəhlizinin açılması isə ölkəmizi həm beynəlxalq nəqliyyat tranzit qovşağına, həm regional iqtisadi əməkdaşlığın baza məkanına çevirəcək.
Sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində davamlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşması məqsədi dayanır. Bu siyasət isə neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi və sosial-iqtisadi modernləşməyə əsaslanan inkişaf strategiyası hazırda öz bəhrəsini verməkdədir. Bu siyasət nəticəsində, özəl sektorun inkişafına mane olan bürokratik əngəllər aradan qaldırılıb, sahibkarlara dövlət qayğısı artırılıb, özünüməşğulluq proqramları, aqrar sektora subsidiyalar, sahibkarlığa güzəştli kreditlər və sair yardımlar ölkədə istehsalı artırıb, məşğulluq problemini aradan qaldırıb.
Yeni stretaji inkişaf proqramının bəzi prioritetləri bəllidir. Sürətli iqtisadi inkişafın və artan maliyyə imkanlarının fonunda qeyri-neft sektorunun inkişaf etdirilməsi, infrastrukturun daha da möhkəmləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və təbii ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələ kimi önə çəkiləcək. Dövlət qarşıya qoyduğu bütün məsələlərin həllində qətiyyətlidir və xalqın iradəsinə güvənir.

Neft strategiyasını hərtərəfli inkişaf kursuna çevirən Azərbaycanın təcrübəsi bu mənada yeni inkişaf etməkdə olan dövlətlərə nümunə göstərilir. Beynəlxalq maliyyə və konsaltinq təşkilatları inkişafın Azərbaycan modelinin formalaşdığını dəfələrlə bəyan etmişlər. Onların mülahizələrinə görə dünya iqtisadiyyatında indiyə qədər mövcüd olan çoxsaylı modellərə biri də əlavə olunmuşdur. Bu model Azərbaycanın timsalında bərqərar olmuş və yaxın gələcəkdə inkişaf etməkdə olan ölkələr üçün model kimi tətbiq oluna bilər.
Siyasətin əsas məqsədini iqtisadiyyatın inkişafı ilə bağlayan dövlətimizin başçısı İlham Əliyev xüsusi olaraq vurğulayır: “Biz bütün imkanlarımızı səfərbər etməliyik ki, güclü dövlət yaradaq. Çünki iqtisadiyyat hər bir dövlətin təməl sistemidir. Güclü iqtisadiyyatı olan ölkə isə siyasi cəhətdən müstəqil olur və öz maraqlarını daha da uğurla müdafiə edə bilir... Azərbaycanın uğurlu xarici siyasəti bizim həm siyasi, həm iqtisadi, həm enerji, həm də nəqliyyat sahələrində qəbul olunur və bu təşəbbüslər Azərbaycanı daha da gücləndirir və güclü mərkəzə çevirir. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm kı, Azərbaycanın iştirakı olmadan bu bölgədə heç bir layihə həyata keçirilə bilməz. Bu, onu göstərir ki, Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilib”.
Son bir neçə ildə ölkəmizdə əldə olunan sürətli inkişaf tempi, güclü ordu quruculuğu, sosial siyasətin yüksələn xətlə inkişafı və sair bu kimi amillər onu göstərir ki, Azərbaycan Avropa ilə Asiyanın arasında yeni bir güc mərkəzi kimi ortaya çıxıb və bir çox məqamlarda həlledici söz sahibidir. İstər iqtisadi, istərsə də digər sahələrdə Azərbaycan bir mərkəzə çevrilmək üzrədir- Avrasiyanın yeni mədəni, siyasi, iqtisadi mərkəzinə.
İlham Əliyev iti zəkası, vaxtında lazımi və zəruri tədbirlər görmək bacarığı özləmizə beynəlxalq arenada öz nüfuzunu artıraraq böyük rəğbət qazandırmışdır. Qeyd olunanlar bir daha göstərir ki, Prezident İlham Əliyevin dövlətçilik strategiyası Azərbaycanı yeni uğurlara və yeni zirvələrə daşıyır.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" istiqaməti çərçivəsində hazırlanıb.