ABŞ-ın ən məşhur mafiya lideri və 1920-ci illərdə yeraltı dünyada iz buraxan Al Caponenin 174 əşyası nəvələri tərəfindən hərraca çıxarılır. SİA xarici mətbuata istinadən xəbər verir ki, satışa çıxarılan əşyalar arasında Al Caponenin ən sevimli silahı Colt.45 tipli avtomatik tapança və oğlu Sonnyə, Alcatraz həbsxanasından yazdığı məktub var. Başlanğıc qiyməti 50 min dollar olan tapançanın hərracda ən yüksək qiymətə satılacağı, məktubun başlanğıc qiymətinin isə 12 min 500 dollar olduğu təxmin edilir. Əlavə olaraq Al Caponenin fotoşəkilləri, həyat yoldaşı Mae ilə paylaşdığı yataq və platindən hazırlanmış Patek Philippe cib saatı kimi bir çox əşya hərraca daxil ediləcək. Oktyabrın 8-də ABŞ -da keçiriləcək hərracın direktoru Brian Witherell deyib: "Bu auksion bizə bir Amerikalı əfsanənin həyat tərzini görmək imkanı verəcək" .