Cəlil Məmmədquluzadə, biz yenə həmin ÖLÜLƏRIK...

26 Avqust 2021 10:13 (UTC+04:00)

Vallah hardan başlayıb harada bitirəsən, nə yazasan ki, ürəyini soyudasan, inanın mən bilmirəm. İnternet əsrində dələduzun biri çıxıb ortaya, əlində də jurnalist vəsiqəsi düşüb el-obanın canına ki, mən on ikinci imamam, bəs zühur eləmişəm filan. Əğstəğfürullah tövbə, bir anlıq adamın ağlından o keçir ki, olmaya sonuncu imam mətbuatdan zühur edəcək?- amma “lənət şeytana” deyib keçək əsl mətləbə. Çünki böhranda çapalayan, qeyri-peşəkarların, yalançı “jurnalistlərin”, iki kəlmə cümləni düz-əməlli ağ səhifəyə köçürə bilməyənlərin həşərat kimi daraşdığı mətbuat səhnəsindən ancaq balaqlarına qədər rəzillik bataqlığına bulaşan günah ikonası çıxa bilər, nəinki dördüncü imam.

İndi də keçək ən dəhşətli məqama. O “dəhşət” deyə yazdığımız məqam da odur ki, bu sonuncu “imama” 420000 manat “tərləyən” cahil və bisavad insanlar deyir ki, pulu ona görə vermişik ki, bəs bizi cənnətə yollayacaq, dərdlərimizə çarə tapacaq, nə bilim nə və sairə və ilaxır...
Vallah, billah qalmışam nə yazım ki, ürəyimi soyudum, bu avam, bu cahil kütləni yerdən-yerə vurum ki, bəlkə toxtayım. Bu adam imam adı altında DÖRD YÜZ İYİRMİ MİN MANATI qatlayıb qoyub cibinə. İmam adı ilə, əsas da avam kütləni cənnətə yola salmaq adı ilə. Elə bil Bakıdan Salyana sərnişin yollayır avtobusun “vip” oturacağında.

Bir tərəfdən bunun belə olmadığını, bu işin altında başqa bir işin “yatdığını” düşünürəm. Çünki “şeytana papış tikənlərin”, sosial şəbəkələrdə min oyundan çıxanların hegemonluq etdikləri bir cəmiyyətdə hansısa avam dələduza dörd yüz iyirmi min manat “tərləyəcək” cahillərin olacağına böyük şübhəm var. Onun-bunun bank hesablarına kiber hücumlarla soxulub, küllü miqdarda pullar əkişdirənlərin yaşadıqları cəmiyyətdə, dörd yüz iyirmi min manatı hansısa “imama” yedizdirən cahilləri tapmaq vallah qəliz məsələ kimi görünür. Bu adamın sosial şəbəkələrdə bahalı villalar və maşınlarla çəkilmiş şəkilləri görüntülənib. Hətta “iş adamı” belə olduğu yazılır. Çox dolaşıq və qəliz məsələdir. Belə inanmaq olmur e bu məsələyə. İnanmaq olmur ki, internet əsrində axmağın biri düşsün ortaya, əlində ələm tutub kosmosa uçurmaq istəyənlər kimi düşsün ortalığa və 420000 manatı qoysun cibişdana. Üstəlik də desin ki, bəs cənnətə marşrut var, özü də koronasız-filan...

Amma bir yandan da elə həmin o sosial şəbəkələrdə, tik-tok videolarında cahil insanların yüz oyundan çıxdıqlarını, bir gənci “cin çıxarmaq” adı ilə necə döyüb öldürdüklərini, məsçid axundlarının minbərlərdən islam dininin dəyərli insanlarını gözdən salan, onların ciddiyyətini heçə endirən gülünc nağıllar uyduraraq, onların adından fərziyyələr oxuduqlarını, islam dinində heç vaxt olmayan uydurma adətlərlə bu dini gözdən saldıqlarını görəndən sonra adam yerindəcə quruyur. İnternet əsrində bu cür cahillik,- artıq gerçək həqiqətdir. İstəsək də, istəməsək də.

Bilirsiniz bunların əsas səbəbi nədir, mən deyim siz oxuyun?! Nə vaxta qədər ki, ölkəmizdə həqiqi islam dini elmi şəkildə təbliğ olunmayacaq, islam əsl elm və dəyərlər dini kimi deyil, bir nağıl və cahillik dini kimi minbərlərdən təqlin olunacaq. Nə vaxta qədər ki, Allaha xoş getsin deyə məkansız, yoxsul, əl-ayağı olmayan möhtac insanlara deyil, din adı altında oliqarxlaşmış məmurların “nəzir qutularına” pullar axışacaq, nə vaxta qədər ki, keçmiş “türemçiklər”, avtobus sürücüləri, kassirlər başlarına əmmamə qoyub mənasını heç vaxt anlamadıqları vərəqələrdən qəbiristanlıqlarda uyuyan mərhumlara “quran tapşıracaqlar”, bax, bu cahillik də bizimlə hələ çox əsrlər yol gedəcək.

Yenə Cəlil Məmmədquluzadələr, Mirzə Ələkbər Sabirlər, Mirzə Fətəli Axundovlar ortaya çıxacaq, yenə neçə-neçə “Ölülər” yazılacaq, amma biz gələn əsrlərdə də düzələsi deyilik. Mirzə Cəlil, boylan, bax, biz heç cürə düzələn deyilik. Biz internet və kosmos əsrində də yenə sizin zamanınızda olan ağıldayıq, şüur və düşüncəmiz yenə də fayton və qazalax əsrindəki kimidir. Biz sizin dövrünüzdəki kimi, kasıb-kusubu əzən, zəifin haqqını yeyənlərik, pulu yoxdur, rüşvət deyil deyənə kasıbın salamını almayanlarıq. Əziz Sabir, biz yenə də “Millət necə tarac olur-olsun nə işim var, düşmənlərə möhtac olur-olsun nə işim var” düşüncəsi ilə yaşayırıq. Biz dünyanın ölümlə çarpışdığı ən ağır vaxtlarda koronavirusdan milyonlar qatlamaq üçün min bir yola baş vuranların, maska əməliyyatı keçirib boğaz kəsənlərin cəmiyyətiyik. Cəlil Məmmədquluzadə, biz yenə də həmin ölülərik...

Mətləb Salahov