“Heyvan sevgisi uşaqlıqda uşağın şəxsiyyətinin korreksiyası və formalaşması zamanı öyrədilməlidir. Uşaqlara ümumiyyətlə, dünyaya, təbiətə, insanlara, əşyalara sevgini aşıladığımız zaman heyvan sevgisini də aşılamaq lazımdır. Burada bəzi valideynlər var ki, uşaq tərbiyə edərkən, uşağa hər hansı bir hərəkəti, istədiklərini etdirmək üçün deyirlər ki, “xoxan gəlir, bax it hürür başını qoy yat”. Məsələn, “canavar səni yeyəcək” və s. Müxtəlif heyvanlarla qorxudurlar. Onlar elə bilirlər ki, hər hansı bir yırtıcı heyvanla qorxudursa, bu qorxu o biri heyvanlara yansıtmayacaq”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Psixoloq sözlərinə belə davam edib: “Ümumiyyətlə, mövzudan kənar olsa da, uşağı nə iləsə qorxutmaq doğru deyil. Yəni bunları etməməliyik, qəti qadağandır. Belə qorxularla uşaqda heyvan sevgisi olmayacaq və canlılara qarşı fobiya da burdan yaranır. Bu, şüuraltı qalır müəyyən bir zaman çərçivəsində üzə çıxa bilir. Bunu xüsusi vurğulayaraq deyirəm. Bu qorxunun üstündən gəlmək böyük vaxtı təbii ki mümkündür, mümkün olmayan heç bir şey yoxdur, amma çətindir. Çətin də olsa, mümkündür. Bunun üçün insan öz üzərində işləməlidir, öz xasiyyətini korreksiya etməlidir və anlamalıdır. Müəyyən bir psixoloji terapiyalara da gedə bilər, bunlardan istifadə edə bilər ki, hər hansı bir problem varsa, aradan qalxsın”.
Ayşən Vəli