"Tükiyə bölgədə müşahidəçi statusundan daha aktiv rola malik olacaq" DEPUTAT ŞƏRH ETDİ

23 Avqust 2021 13:29 (UTC+04:00)

"Kəlbəcər rayonunda mövqelerimiz atəşə tutulub və erməni təxribatları davam etməkdədir". Bunu SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, sərhədlərin pozulması istiqamətində Azərbaycan həm Rusiya sülhməramlılarını xəbərdar etməlidir, həm də ermənilərə lazımi cavabı verməlidir: "Bölgəyə dördüncü qüvvənin yerləşdirilməsi hər zaman gündəmdə olan məsələlərdəndir. Bu istiqamətdə müəyyən şərtlər, təşəbbüslər və təkliflər dəyərləndirilməlidir. Bu rakursda Azərbaycan addımlar atır və Türkiyənin bölgədə güclənməsinə çalışır".

"Ona görə də biz bir sıra məsələlərdə tələskənliyə yol vermədən danışıqlar aparmaqla və vəziyyəti dəqiq təhlil etməklə addım-addım mövqelərimizi daha da gücləndirməliyik. Necə ki, ölkə prezidenti Cənab İlham Əliyev Kəlbəcərə və Laçına səfər etdi. Bu bölgələrə Prezidentin səfər etməsi o deməkdir ki, bölgələrdə artıq oturuşmuş bir infrastruktur qurulması gercəkləşdirilir. Addım-addım bu məsələlərdə ermənilərin mövqelərinin zəiflədilməsi istiqamətində işlər görülür. Bölgəyə dördüncü dövlət yalnız Türkiyə daxil ola bilər. Türkiyə müşahidəçi statusundan aktiv rol olan dövlətə çevriləcəkdir. Gedişat buna doğru getdiyini göstərir".