Yeniyetməlik dövrü keçirən uşaqlarla necə davranmalı? - DİQQƏT - SOSİOLOQ-PSİXOLOQ AÇIQLADI

20 Avqust 2021 14:04 (UTC+04:00)

“Yeniyetməlik dövründə həm uşaqlar, həm də valideynlər çox əziyyət çəkirlər”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, dövrün uşaqları bir başqa cür yeniyetməlik dövrü keçirirlər: “Həddi-büluğ yaşları çox kələ-kötürdür. Biz də həmin dövrlərdən keçmişik. Lakin biz indiki dövrün uşaqları qədər kaprizli olmamışıq, valideynə naz etməmişik. İndiki dövrün uşaqları çox qəribə yeniyetməlik dövrü keçirir. Hər şeyin istədikləri kimi olmasını tələb edirlər. Tələbləri yerinə yetməyəndə çox aqressiv ola bilirlər. Valideynlər yeniyetməlik dövründəki uşaqların təlim-tərbiyəsində çox əziyyət çəkirlər. Yeniyetməlik dövrünü 14 yaşdan hesab edirlər. Bu yaşdakı uşaqların psixoloji vəziyyəti, fizioloji quruluşları, mənəvi dünyaları tamamilə fərqli yöndə inkişaf edir. Ona görə də bu dövrdə valideynlərə uşaqla dostluq etməsi, tələbkar olmamalarını məsləhət görürlər”.

Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova fikir bildirib: “Yeniyetməlik dövrü 11 yaşın sonlarından 18 yaş aralığındadır. Amma bir çox uşaqlarda 16 yaşda bitir. Əsasən, oğlanlarda aqressiya, qızlarda isə daha çox emosionallıq baş qaldırır. Bu dövrdə daha çox böyükləri anlaya bilməmək, böyüklərin də uşaqları anlaya bilməməsindən şikayətlənirlər. Bu dövrdə ciddi qadağalar uşaqlarda dərin iz buraxır. Yeniyetməlik dövründə uşaqları daha nəzarətdə saxlamaq lazımdır. Amma ciddi cəza tədbirləri olmaz. Ətrafındakı dostları ilə maraqlanmaq lazımdır. Uşaqların dostları ilə vaxt keçirməsinə imkan yaratmaq lazımdır. Bu yaşda əsasən ilk sevgi münasibətləri olur. Bu zaman da valideynlər bu məsələdə uşaqları ilə dalaşırlar, onları qınıyırlar. Belə olduqda onlar daha özlərinə qapanırlar. Bu yaşda olan uşaqlara biraz daha həssas yanaşılmalıdır”.

Arzu Qurbanzadə