Hamiləlikdə mədə yanması və qıcqırmalar nədən olur? HƏKİM AÇIQLADI

20 Avqust 2021 11:08 (UTC+04:00)

“Çox zaman mədə yanması hamiləliyin 2-ci yarısından başlayır. Bəzən hamiləliyin ilk aylarında da rast gəlinə bilər”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Hamilə qadınlarda mədə yanmasına səbəb nədir?

Onun sözlərinə görə, mədə və qida borusu arasında əzələvi klapan (sfinkter) yerləşir: “Bu sfinkter mədə möhtəviyyatının qida borusuna düşməsinin qarşısını alır. Hamiləlik zamanı fizioloji, hormonal dəyişikliklər nəticəsində sfinkter zəifləyir və turş mədə möhtəviyyatı qida borusuna düşərək onu qıcıqlandırır. Sağlam insanlarda mədə qıcqırması çox nadir halda olur. Bu adətən normadan çox qida qəbulundan, yağlı yeməklərdən sonra baş verir. Tez-tez təkrarlanan şikayətlər həzm sistemində olan problemlərdən xəbər verir. Hamiləlik zamanı mədə yanması normal hal sayılır”.

Mədə yanmasından necə qurtulmaq olar?

Həkim sözlərinə belə davam edib: “Hamiləlik zamanı bu simptomun öhdəsindən gəlmək bir az çətin olur. Belə ki, hamiləliklə bağlı bir çox dərmanların qəbulunda məhdudiyyət olduğundan mədə yanmasından xilas olmaq ən çox həyat tərzini dəyişmək, müvafiq pəhrizlərə riayət etməklə əldə olunur”.

Bunun üçün tövsiyə olunur:

Qızardılmış, acı, turş qidalardan, spirtli içkilərdən, kofedən, bulyonlardan, un məmulatlarından uzaq durmaq;

Qida seçimində buğda, parda bişirilmiş yeməklərə üstünlük vermək;

Tez həzm olan karbohidratları gec həzm olanlarla əvəz etmək – düyü, makaronun bərk növləri, qara çörək.

Qida menyusunda əsas yeri qələvi mühitinə məxsus olan yeməklər tutmalıdır – süd, omlet, bitki yağı, boyat çörək, qazsız qələvi sular.

Qida qəbulu az-az və tez-tez (hər 1.5-2 saatdan bir) olmalıdır. (Bir neçə porsionda 5-6 qida qəbuluna bölünməlidir.

Son qida qəbulu yatmazdan ən az 2-3 saat qabaq olmalıdır.

Ayşən Vəli