Muğam sənətinin böyük Xanı
"Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşa. Əsrlərdən səsi eşidilən, hər zaman toy-büsatlı olan Şuşamız tarixin dönəmlərində çox hücumlara məruz qalıb və başını dik tutub, əyilməz, məğlubedilməz olub. Çox gözlər dikilib bu diyara. Hər daşında bir tarix yaşar, bir tarix danışılar. 28 il erməni işğalı altında qalan Şuşamız bu gün azad nəfəs alır.
Zaman-zaman Şuşamızın hər yerindən xalq ruhunu əks etdirən musiqi sədaları eşidilib. Şuşada, Cıdır düzündə festivallar, tədbirlər keçirilib, xalqın ruhu, istəyi öz ifadəsini tapıb. Bu şəhəri Azərbaycan mədəniyyət tarixində özünəməxsus yeri və rolu var. Şuşanın yetirdiyi sənətkarların hər biri mədəniyyət tariximizdə dəsti-xətti ilə seçilib. Azərbaycan muğam sənətinin böyük ustadı, musiqimizin xanı, bu gün haqqında söz açacağımız Xan Şuşinski kimi. Düz 120 il bundan əvvəl 1901-ci ilin 20 avqust tarixində dünyaya göz açan sənətkar ömrünün son gününə qədər səhnədə öz səsini, nəfəsinin ahəngini qoruyub saxlaya bildi. Musiqi beşiyi tək qəbul olunmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin paytaxtı elan olunan Şuşamızda dünyaya öz açıb. Böyük sənəkarların beşiyində boy atan balaca oğlan tez bir zamanda çalın-çarpaz, enişli-yoxuşlu yolları keçdi və adı sənətin fövqündə hallandı. Tərcümeyi-halı zəngin bir xəzinə olan sənətkar böyük bir məktəbin müəllifinə çevrildi. Sənət tarixinə tərcümey-halı həkk olunan yazılarda qeyd edilir ki, Xan Şuşinskini əsl adı İsfəndiyar olsa da, tez bir zamanda, bu isim dəyişildi. İsfəndiyar Aslan oğlu Cavanşirov kimi deyil, Xan Şuşinski kimi tanındı. Bu ad ona 12-13 yaşlarında məclislərin birində verildi. Qeyd edim ki, böyük sənətkar Şuşanın bünövrəsini qoyan Cavanşir sülaləsindən olan Aslan bəyin ailəsində dünyaya göz açıb. Ancaq sovet hakimiyyəti qurulduqdan sonra Ballıca kəndində, Şuşada mülkü və dörd kəndi olan Aslan bəyin bütün var-dövləti müsadirə edilir. Bu hadisədən sonra Aslan bəy Bərdəyə köçür. Beləliklə, İsfəndiyarın sənətə gəlişində Segah İslamın xüsusi rolu olub. Belə ki, Segah İslam məclislərin birində səsini bəyəndiyi İsfəndiyarı özünə şagird götürüb. Xan Şuşinski çox məsuliyyətli insan olub. Xan səsini qoruyan idi. O, müəyyən təamlardan, nemətlərdən həmişə özünü təcrid edib. Bunun səbəbini soruşanda isə, söyləyib ki, İlahi əmanətinə naxələf çıxa bilmərəm. Xan Şuşinski gənclikdə ona verilən Xan adının məsuliyyətini ömrünün sonuna qədər daşıyıb. O, Azərbaycan musiqisinin həqiqi Xanı olub. Cabbar Qaryağdıoğlunun: - "Səsin sənə qulaq asmadı, - oxuma, zökəm oldun, - oxuma, yorğun oldun, - oxuma. Bakının dəli havasından özünü qoru. Küləkli havada bayıra çıxma, istidən tərləsən belə, soyuq su içmə", - sözlərini ömrü boyu unutmayan Xanın səsi həmişə yerində olub. Yaşının ən ahıl çağlarında belə, o, səs imkanlarını qoruya bilib.
Sənətkarın bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarını Xan Şuşinski bəstələyib.Vurğulamaq yerinə düşər ki, "Şuşanın dağları" mahnısının sözləri də Xana məxsusdur. Bu mahnının sözlərinə görə, hətta vaxtilə onu çək-çevirə də salıblar - "Şuşanın dağlarının başı niyə dumandır? Bununla nə demək istəyirsən?". Xan Şuşinski da bu sualın cavabında bildirir ki, Şuşa dağlarının başı həmişə dumanlı olur. Yenə əl çəkmirlər. Nəhayət, Xan məcbur olub, bir müddət bu mahnının sözlərini dəyişərək, "Şuşanın dağları deyil dumanlı" kimi oxuyur.
Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım.
- deyə oxuyan Xan Şuşinski gözəlliyinə bir diqqət çəkir.
Şuşanın hər yandan gəlir sorağı,
Tərifə layiqdir İsa bulağı,
Dağları, bağları, qızlar oylağı
kimi misralarda Şuşa ətrafında olan gözəlliklərə işıq salınır. "Mirzə Hüseyn segahı" onun ifasında yeni bir nəfəslə təqdim olunur. Adətən də, onu "Mirzə Hüseyn segahı"nın ikinci müəllifi adlandırırlar. Çünki 120-130 il sürən uzun fasilədən sonra bu muğama Xan yenidən "Manəndi müxalif" şöbəsini əlavə edib. Simfonik orkestrin müşayiətilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub.
Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Azərbaycan musiqi tarixində ilk duet Şövkət xanım Ələkbərova ilə Xan Şuşinskinin ifasında səslənib. Deyilənə görə, Üzeyir Hacıbəyli Xan Şuşinskinin ifasında mahnılarını dinləməkdən xüsusi zövq alırmış. Xüsusən də, "Qaragöz" mahnısını. Yeri gəlmişkən, onu da deyək ki, 1926-cı ildə bəstələnən bu mahnının ilk ifaçısı da elə Xan Şuşinski olub."Qarabağ şikəstəsi"ni oxumağı çox sevərmiş. Şikəstə ondan əvvəl məclisdə 3-4 xanəndənin ifasında səslənsəydi də, Xan bütün çıxışlarında həmişə birinci "Qarabağ şikəstəsi"ni oxuyarmış. Onun ifası haqqında Cabbar Qaryağdıoğlu deyir ki, "Seyidlə üç-dörd il idi Qarabağa getmirdik. Dedik sənin səsinlə Qarabağın axar-baxarlı dağlarını, Turş suyunu, İsa bulağını, Cıdır düzünü, Topxana meşəsini gedib gəzib gələk. Çox sağ ol. Gəzdik gəldik". Xanın səsi Qarabağın ab-havası idi.
Xan geniş səs diapazonuna sahib olmaqla yanaşı, Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtması ilə də xalq arasında böyük müvəffəqiyyət qazanmağa nail olub. Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. O, mürəkkəb muğamların mahir bilicisi olub. Səsini istədiyi kimi dəyişməkdə, zəngulə vurmaqda bir çox tanınmış xanəndələrin diqqət mərkəzində olub. Xan təvazökar, sadə sənətkar olub. Sirlərini dostları, həmyaşıdları ilə bölüşüb. Yoldaşlıqda, dostluqda sadiq olan Xan Şuşinski ailədə də qayğıkeş, mehribanlığı ilə sevilib. Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinski səsinin yadigarı kimi cəmisi 240 dəqiqəlik lent yazısı qalıb. Xan Şuşinski yaradıcılığına xas olan cəhət ondakı təkrarolunmaz ifa üslubu idi. Əksər müasirlərindən fərqləndirən xüsusiyyəti onun güclü və nadir təsadüf olunan tembrli səsə malik olması və vokal texnikasına ustalıqla yiyələnməsi idi. Xanın repertuarında "Mahur-hindi", "Bayatı-Qacar", "Qatar" muğamları ilə yanaşı, ritmik "Arazbarı", "Heyratı" muğamları, xalq mahnı və təsnifləri geniş yer tutmuşdur. Xan onları xüsusi zövqlə ifa edir, hər ifasında da onları yeni-yeni xallarla zənginləşdirir və inkişaf etdirirdi.
Zaqafqaziya xalqlarının 1934-cü ildə Tiflis şəhərində keçirilən ilk müsabiqəsində Xan Şuşinski birinci dərəcəli mükafata layiq görülmüşdü. Hələ o zamana qədər məşhur xanəndə kimi ad çıxarmış Xanın şöhrəti artıq Azərbaycanın sərhədlərini aşıb daha uzaqlara yayılmışdı. Xan Şuşinski, nəinki muğamın bilicisi idi, eyni zamanda, çox sayda xalq mahnısını yaddaşında qoruyub yaşadırdı. Həqiqi yaradıcılıq qabiliyyətinə sahib insan kimi, o, xalq musiqisi xəzinəsini öz mahnıları ilə də zənginləşdirmişdir. Xan Şuşinski ömrünün 50 ildən çoxunu muğamın yaradıcı şəkildə inkişafına həsr etmişdir. O, milyonların sevimlisi kimi tanınırdı, onun ifalarını heyranlıqla qarşılayırdılar.
Xan Şuşinski çox sayda istedadlı xanəndə yetişdirmiş və milli musiqi sənətinin inkişafına böyük təsir göstərmişdi. Muğam sənətinə müasir dövrümüzdə olan münasibətin nəticəsidir ki, Heydər Əliyev Fondu tərəfindən muğam albomu buraxılmış və sənət korifeyləri sırasında Xan Şuşinskinin də səsi yazılmış lentlər yüksək, nəfis bir şəkildə bu topluya daxil edilmişdir. İndi demək olar ki, dünyanın hər bir ölkəsində Xan Şuşinski ifası dinlənilir, Azərbaycan muğamları fərqli bir şəkildə təqdim olunur. Bu gün işğaldan azad olunan Şuşamızda yenidən toy-büsata qovuşub. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın "Xarıbülbül" musiqi festivalına ev sahibliyi etməsi bu sənət beşiyindən olan sətənkarların ruhunu şad etdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşada bu gün bayrağımız dalğalanır və Şuşada aparılan abadlıq-quruculuq işləri Xan Şuşinski kimi haqq dünyasında olan və ruhu göylərdə dolaşan böyük sənətkarlarımızın ruhunu şad edir.
Zümrüd BAYRAMOVA