Jurnalistikaya qabiliyyət imtahanı necə keçib? - AÇIQLAMA

19 Avqust 2021 15:16 (UTC+04:00)

Bakalavr səviyyəsində jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı yüksək səviyyədə keçirildi". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, imtahan prosesi inşa (esse) mövzusunun seçilib müəyyənləşdirilməsi ilə başladı: "Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə Dövlət İmtahan Mərkəzində püşkatma yolu öncədən təklif olunmuş 210 mövzu arasından 3 mövzu seçilib müəyyənləşdirildi və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırıldı. İnşa mövzularının öncədən DİM saytında yerləşdirilməsi abituriyentlərə kömək məqsədi daşıyır. Həvəsi, istəyi, marağı yüksək olan abituriyentlər öncədən bu mövzularla tanış olub hazırlaşa bilirlər və imtahan günü hər hansı bir çətinlik yaşamırlar. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzi qabiliyyət imtahanının rahat şəkildə keçməsi üçün hər cür şərait yaratmışdı. Mətbuat Şurası üzvlərinə şərait yaradıldı ki, imtahan keçirilən binalara gedib prosesi canlı müşahidə etsinlər. Biz imtahan prosesini izlədik və hər şeyin normal olduğunu gördük.

Məlumat üçün bildirim ki, 2021/2022-ci tədris ili üzrə jurnalistika ixtisası almaq üçün 760 nəfər müraciət edib. İxtisas üzrə ali məktəblərdə ayrılmış yerlərin sayı isə 265 nəfərdir. Bunlardan 132 nəfəri dövlət sifarişlidir. Göründüyü kimi, rəqabət yüksəkdir. Bu da onu göstərir ki, jurnalistikaya maraq yenə yüksəkdir. Hətta, ötən illərlə müqayisədə sənəd verənlərin saylarında artım var.

2 gün sonra nəticələr elan ediləcək. Arzu edək ki, jurnalistikaya yüksək maraq göstərənlər, yüksək bilik və bacarığa sahib olanlar qalib gəlsinlər".