"Əfqanıstanda baş verən son proseslərlə bağlı verilən açıqlama və təhlillərdə bir çox hallarda tələskənliyə və səthi yanaşmaya yol verilir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu öz fikirlərini belə bildirib.
Onun qeyd etdiyinə görə, bu proseslər səbəbsiz deyil və çox mürəkkəb geosiyasi və geoiqtisadi qarşıdurmanı hədəfə alır: "Taliban artıq Əfqanıstanda hakimiyyəti ələ keçirib və Əfqanıstanda hökumət qurmağı planlaşdırır. Bu vəziyyət Talibanın qeyri-müəyyənliyinə gətirib çıxarmayacaq. Yəni, Talibandan hakimiyyət geri alınmayacaq. Taliban Əfqanıstanda möhkəmlənməyə davam edir. Artıq Əfqanıstandakı nəzarəti tam ələ keçirib. Hətta digər ölkələrə müraciət edib. Bu mənada yaxın zamanda bir Taliban hökumətinin və hakimiyyətinin qurulmasının şahidi olacağıq. Burada ABŞ və Mərkəzi Asiya dövlətlərinin maraqları kəsişir. Söhbət Çinin 2013-cü ildən planlaşdırdığı və 2049-cu ildə bitirməyi hədəflədiyi başlıca qlobal layihəsi olan - "Bir qurşaq - bir yol" layihəsindən gedir. Əfqanıstan isə bu layihədə olduqca önəmli nöqtədir. Hər dövlət Mərkəzi Asiyada öz oyununu qurur. Hər dövlətin də bu bölgənin nəzarəti ələ keçirilməsində öz planları və hədəfləri var. Hesab edirəm ki, Amerika Birləşmiş ştatları qoşunlarını çıxarmaqla bağlı qərara gəlməsi və prosesə start verməsi bunun fonunda
da Talibanın Əfqanıstan üzərində nəzarəti ələ keçirməsi təsadüfi hadisə deyil. İlk işləri Çini hədələmək olan taliblər, çox sürətli bir şəkildə Əfqanıstan üzərində nəzarəti tam ələ keçirir. Bu isə bütünlükdə Mərkəzi Asiyanı hədəf taxtasına çevirir. Bu zaman bölgədə marağı olan ayrı-ayrı ölkələrin hədəflərinin ciddi şəkildə toqquşmasını görürük. Bundan sonrakı gedişatı izləyərkən bunun şahidi olacağıq. Vacib məqam maraqları kəsişən ölkələrin hansı məqsəd və hədəfləri planlamasıdır. Hazırda Talibanın Əfqanıstanda yaratdığı reallıqdan sonra bir çox ölkə Taliblərin hakimiyyətini müsbət dəyərləndirəcək açıqlamalar verəcəklər. Rusiyadan Lavrov da buna oxşar açıqlama verib. Faktiki olaraq Rusiya Əfqanıstanla sərhədə eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin sərhədlərinə qoşunlarını yeridir. Sərhədləri möhkəmləndirir. Rusiya çox ciddi tərəddüdlər içərisindədir. Rusiya bilir ki, Talibanın Əfqanıstanda hakimiyyətinin güclənməsi gec və ya tez Orta Asiyaya təhdidlər ortaya çıxara bilər. Başqa bir yanaşma, ümumiyyətlə, Taliban hökumətinin özünün hansı xarici siyasət güdəcəyi və hansı ölkələr ilə nə cür münasibət saxlayacağı ilə bağlıdır. İndi görünən budur ki, hazırda Birləşmiş Ərəb Əmirlikləri və Pakistan Taliban hökumətini tanıyacaq. Beləliklə, mürəkkəb şahmat partiyasını xatırladan gedişlərlərlə müşayiət olunan bu oyunda, hər fiqurun öz marağı var. Kimin şah, kimin vəzir, kimin piyada olduğu isə yaxın bir ayda bəlli olacaq. Sadəcə, unutmaq olmaz ki, şahmatda piyada, vəzir də ola bilir və rəqibin şahının "mat" vəziyyətinə düşməsinə səbəb olur".