Bu, gənc oyunçuların inkişafına böyük töhfə verəcəkdir -FUTBOL RƏSMİLƏRİ AÇIQLADI

19 Avqust 2021 12:56 (UTC+04:00)

“Komandalarımız UEFA-da mərhələ keçdiklərinə görə maliyyə dəstəyi alıblar”. Bu sözləri SİA-ya açıqlamasında "Neftçi” PFK-nın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Onun sözlərinə görə, klublarımız UEFA-yarışlarında uğurlu nəticələr əldə etdiklərinə görə və mərhələ keçdiklərinə görə, UEFA klublarımıza maliyyə dəstəyi verib: “Belə maliyyə dəstəklərinin verilməsi klublarımız üçün çox əhəmiyyətli və önəmlidir. UEFA-nın verdiyi maliyyə ilə klublarımız həm komandanın inkişafına, həm də yeni transferlərin edilməsinə və gənc oyunçuların inkişafına böyük töhfə verəcəkdir. Bu gün isə klubun UEFA Konfrans Liqasında İsrail təmsilçisi “Makkabi Hafia” ilə pley-off görüşünə çıxacaq və biz inanırıq ki, komandamız uğurlu nəticə əldə edərək cavab qarşılaşmasına böyük üstünlüklə çıxacaq”.

Mövzu ilə bağlı Milli komandamızın keçmiş futbolçusu Tərlan Əhmədov fikir bildirib.

Onun sözlərinə görə, klublarımıza belə maliyyə dəstəklərinin verilməsi çox önəmlidir. "UEFA tərəfindən klublara maliyyə dəstəklərinin verilməsi vacibdir. Klublar təsnifat mərhələlərində növbəti turlara çıxanda və qruplara düşəndə artıq bütün klublara yardım ayrılır. Bildiyiniz kimi, bütün dünya klublarında pandemiya səbəbindən maliyyə problemləri yaranır. İqtisadi baxımdan bir çox klublarda geriləmələr yaşanıb. Bunun da nəticəsində bir çox klub transfer məsələlərində çətinliklər yaşayır. Belə maliyyə dəstəyinin verilməsi klublara həm transfer işlərində, həm də gənc oyunçuların bacarıqlarını ortaya qoyması üçün çox gözəl bir şansdır".