ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra ölkənin böyük hissəsini nəzarətə götürən Talibanın Amerika ordusunun biometrik identifikasiya cihazlarını ələ keçirdiyi iddia edilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu cihazların bir qismi ötən həftə Taliban hərəkatının ümummilli hücumları zamanı təşkilatın əlinə keçib.
"Əl ilə İdarələrarası Tanıma Avadanlığı (HIIDE)" adlanan cihazların Əfqanıstan əhalisi haqqında geniş məlumat bazasına çıxışı var idi. Terrorçuları və üsyançıları izləmək üçün istehsal edilsə də, ABŞ ordusu bu cihazlardan adi mülki vətəndaşları tanımaq üçün də istifadə edib.
HIIDE-lər koalisiyada işləyən şəxsləri müəyyən etmək üçün də istifadə olunurdu deyə keçmiş müqavilə əsgərlərindən biri bildirib. Keçmiş Xüsusi Qüvvələr rəsmisi, taliblərin biometrik məlumatları emal etmək üçün əlavə vasitələrə ehtiyacı olacağını, ancaq Pakistan kimi dəstəkləyən ölkələrin gizli xidmətlərinin köməyi ilə bunu edə biləcəyindən narahatlığını ifadə edib.