İrəvanın revanşçılıq cəhdləri və ya Bakının problemi birdəfəlik həll etməsi mümkünlüyü...
Ermənistanın hər dəfə silahlı təxribatlara əl atması, eləcə də Azərbaycanı münaqişəyə cəlb etməsi cəhdləri bir sıra suallar doğurmağa başlayıb. Bakı İrəvanın səsini birdəfəlik kəsməsi üçün daha kəskin reaksiyalar verəcəkmi, yaxud Ermənistanın hələ də işğalçılıq siyasəti və revanşçılıq cəhdlərinin qarşısının alınması üçün hansı müvafiq addımlar atıla bilər?
Mövzu ilə bağlı Rusiya politoloqlarının da maraqlı və düşündürücü fikirləri nəzərə çarpmaqdadır. Belə ki, Azərbaycanın növbəti böyük müharibəyə başlayıb-başlamayacağı, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, eləcə də digər yaranan suallara ilginc cavablar verilib.
Andrey Petrov: “Ermənistanın hazırkı hakimiyyəti kifayət qədər silah əldə edərsə, sözsüz ki, revanş etməyə cəhd göstərəcək”
“Ermənistanın Azərbaycana qarşı hərbi aqressiya təhlükəsi qalmaqdadır, sadəcə, İrəvan bu təhlükəni həyata keçirə bilmir”. SİA xəbər verir ki, bunu vesti.az-a Rusiyanın siyasi eksperti Andrey Petrov deyib.

Onun sözlərinə görə, regionda böyük müharibənin baş verməsi ehtimalı azdır, belə ki, erməni tərəfinin kiminləsə savaş aparması üçün heç nəyi yoxdur. SİTAT: “44 günlük müharibədən sonra Ermənistan ordusunun şəxsi heyətinin yarısı öldü və yaralandı, eləcə də fərarilik etdi. Dəyəri milyardlarla dollarla ölçülən erməni hərbi texnikası məhv edildi. Respublikanın ordusundan və silahından faktiki olaraq yalnız informasiya ordusu qalıb – jurnalistlər və sözlər. Sözlərlə isə qalib olmaq mümkün deyil”.
Andrey Petrov Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı fikirlərini də xatırladıb və istisna etməyib ki, əgər Ermənistanın hazırkı hakimiyyəti kifayət qədər silah əldə edərsə, sözsüz ki, revanş etməyə cəhd göstərəcək. Lakin Azərbaycana yeni müharibə ümumiyyətlə lazım deyil, çünki o qalib gələrək torpaqlarını azad etdi.
İqor Korotçenko: “Ermənistan Azərbaycanı davamlı atəşlərə məruz qoymaqla təxribata çəkir və bu yolla Bakını hər-hansı sərhədyanı münaqişələrə cəlb etməyə çalışır”
Digər Rusiya politoloqu və hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko isə bildirib ki, Ermənistanın təxribatçı siyasəti gec, ya da tez Azərbaycan tərəfindən sərt şəkildə cavablandırılacaq. SİTAT: “Üçtərəfli bəyanatda dəqiq şəkildə həmin öhdəliklərə imza atılıb ki, onları məhz erməni tərəfi icra etməlidir. Bunlarla yanaşı, Ermənistan bütün silahlı formalaşmalarını Rusiya sülhməramlılarının nəzarətləri altındakı ərazilərdən çıxarmalıdır”.

Onun sözlərinə görə, həmçinin Rusiya rəhbərliyi tərəfindən də növbəti siyasi təzyiqlər istifadə edilməlidir. Belə ki, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin həyata keçirilməsi üçün qəti hərəkətə keçmək lazımdır.
Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycanı davamlı atəşlərə məruz qoymaqla təxribata çəkir və bu yolla Bakını hər hansı sərhədyanı münaqişələrə cəlb etməyə çalışır, lakin bu da böyük müharibəyə çevrilməyəcək.
Rövşən RƏSULOV