Dünən səhərdən etibarən Kabul Beynəlxalq Hava Limanında böyük bir qarışıqlıq yaşanıb. Vətəndaşlar uçuş-enmə zolağına axın edib. Təyyarələrə minmək istəyən yüzlərlə insanın görüntüləri kameralara əks olunarkən, bəzilərinin qaçmaq üçün təyyarələrin təkərlərindən tutduqları iddia edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sosial mediaya düşən videolarda iki nəfərin təyyarədən düşmə anları tamaşaçıları dəhşətə gətirib. Sosial mediada paylaşılan başqa bir görüntüdə, Əfqanıstan vətəndaşları Kabul Beynəlxalq Hava Limanında havaya qalxan ABŞ hərbi təyyarəsinin qanadlarını qucaqlayarkən görüntülənib. Kabul Beynəlxalq Hava Limanındakı xaos zamanı ən az 5 adamın öldüyü öyrənilib. Paylaşılan görüntülərdə, təxliyə üçün bölgədə olan ABŞ əsgərlərinin havaya bir neçə dəfə atəş açdığı əks olunub. Ancaq həyatını itirən insanların izdihamda və ya havada açılan atəş nəticəsində öldüyü, hələlik, məlum deyil.
Hava limanındakı böhranın əksinə olaraq Əfqanıstan küçələrinin sakit olduğu bildirilib. Beynəlxalq agentliklərdə olan məlumatlara görə, xüsusilə 6 milyon əhalisi olan paytaxt Kabildə küçələrdə səssizlik hökm sürür. Həyatın bir çox məqamlarda normal gedişatında olduğu və Əfqanıstan təhlükəsizlik qüvvələrinin demək olar ki, hamısının silahlarını təslim etdiyi qeyd edilib.