Ermənistana “qaşın üstündə gözün var” deyən yoxdur - POLİTOLOQ ŞƏRH ETDİ

16 Avqust 2021 16:51 (UTC+04:00)

“Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal olunması və 30 ilə yaxın işğalda saxlanılmasından tutmuş, 44 günlük Vətən müharibəsindəki məğlubiyyət və bundan doğan bəzi nəticələrin hələ də aradan qaldırılmasına ciddi şəkildə bu prosesi sabotaj etməsindən tutmuş, bu günün özündə Azərbaycan Ermənistan sərhədində hələ də Azərbaycanın, Azərbaycan əsgərlərinin mövqelərini atəşə tutması və paralel olaraq müharibədən sonra ortalığa çıxan 11 yanvar sənədlərindən irəli gələn bəzi müddəaların, bəzi öhdəliklərin hələ də yerinə yetirilməməsinin bir adı və anlamı var. Bu da Ermənistan üçün qlobal səviyyədə cəzasızlıq mühitinin yaradılmasıdır. Bilirsiniz ki, qlobal səviyyədə heç bir zaman ədalət olmayıb və bütün məsələləri qlobal güclər əvvəlcə güc tətbiq etməklə, sonra isə özlərinin geosiyasi maraqlarına uyğun olaraq bunu beynəlxalq hüquqa bağlamaqla həll ediblər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, bugünün özündə də yanaşma tərzi eynidir və dəyişən bir şey yoxdur: “Məhz bu cəzasızlıq mühiti xristian amilinə görə Ermənistanı hələ də havadarlıq etməsi bugün Ermənistanın 10 noyabr və 11 yanvar bəyannamələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə imkan vermir. Hələ də Ermənistanı bəzi sövdalara məcbur edib yönəldirlər ki, ən azından müəyyən stimul verirlər ki, bu da əlbəttə ki, prosesin rəvan getməsinə imkan vermir”.

Politoloq sözlərinə belə davam edib: “Bu gün bilirsiniz ki, Ermənistanın havadarları yenidən prosesə müdaxilə etməklə ATƏT-in Minsk qrupu həmsədr institutunu diriltmək istəyirlər və münaqişənin bitmədiyi görüntüsünü yaratmağa çalışırlar. Bu gün Ermənistan-Azərbaycan sərhədində erməni əsgərlərin mütəmadi olaraq mövqelərimizi atəşə tutması da əslində bütün dünyaya "müharibə bitməyib", hələ də Azərbaycan Ermənistanın torpaqlarını işğal etməkdədir" görüntüsü yaradırlar. Maraqlıdır ki, Ermənistanın hərbi hissələrində ölən əsgərlərin Azərbaycan-Ermənistan sərhədində guya atışma nəticəsində öldüyünü iddia edirlər, “Azərbaycan əsgərləri tərəfindən öldürüldü” görüntüsü yaradırlar. Bunlar süni surətdə şişirdilərək beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunur. Məqsəd də ondan ibarətdir ki, yenidən ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac olduğunu hər kəsin diqqətinə çatdırılsın. Fransa və Amerika Birləşmiş Ştatları da qollarını çırmalamış vəziyyətdədirlər. Azərbaycan isə ATƏT-in Minsk qrupu həmsədr institutunun bundan sonra heç bir iş görə bilməyəcəyini deyir. Yalnız, humanitar yöndə konkret ideyaların verilməsini təklif edir ki, bu da əlbəttə ki, ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinə prosesə nəzarət imkanı yaratmır. Ermənistan ona görə də bu cür süni atışmalarla, dolayısı ilə, həm də beynəlxalq səviyyədə belə bir fikir yaratmaq istəyirlər ki, Rusiyanın moderatorluğu ilə imzalanan bəyannamələr artıq işləmir, Rusiya prosesə nəzarət edə bilmir. Və tədricən bu sənədlərin, bəyannamələrin keçərsizliyini ortalığa qoymaq istəyirlər. Yəni belə bir fikir yaratmaq istəyirlər. Əlbəttə, əvvəlcə belə bir fikir yaradandan sonra gələcək perspektivdə Ermənistanın bu sənədləri icrasından tamamilə geri çəkilmə ehtimalını da düşünürlər. Çünki, artıq erməni ictimaiyyətində xüsusilə də siyasi və dini rəhbərlikdə bu bəyannamələrin tamamilə keçərsiz olmasının elan olunmasını tələb edən açıqlamalar var və bu sənəddən imtina olunması ilə bağlı çağırışlar var. Bunlar heç də təsadüf deyil. Ona görə də bütün bu məsələlərin hamısının bir cavabı var ki, o da ondan ibarətdir ki, dünyada cəzasızlıq mühiti var və çox maraqlıdır ki, bu cəzasızlıq mühiti məhz xristian dövlətlərinə məxsusdur. Yəni Ermənistan xristian dövləti olduğu üçün xristian havadarları tərəfindən dəstəklənir. Bütün insanlığa zidd davranışlarına rəğmən müharibə cinayətləri törətmələrinə rəğmən hələ də Ermənistana “qaşın üstündə gözün var” deyən heç bir dövlət və beynəlxalq təşkilat yoxdur. Mənə elə gəlir ki, bunlar ən böyük göstəricidir. Ona görə də Azərbaycan və Azərbaycanın strateji müttəfiqi olan qardaş Türkiyə və digər müttəfiq dövlətlərlə birlikdə prosesi özü yaratmalıdır. Yəni, bundan sonra tənzimləyici prosesi, hadisələri Ermənistan deyil, Azərbaycan özü yaratmalıdır və hər gün basqıcı siyasətlə və konkret hadisələrlə Ermənistanı yeni sülh sazişinə, bütün kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasına və Qarabağdan qanunsuz Ermənistan silahlı birləşmələrinin çıxmasına vadar etmək lazımdır. Bunun alternativi yoxdur. Çünki bunu kimsə bizə havayı yerə təqdim edəcək deyil, bunu özümüz yaratmalıyıq. Eynən ötən il sentyabrın 27-də necə ki, Azərbaycan belə bir proses yaratdı və nəticə etibarilə Qarabağdakı 44 günlük savaşda qalib gəldi. Bundan sonra da prosesləri Azərbaycan özü yaratmaqla bu prosesdə maraqlı olan ölkələri özünün yaratdığı prosesin arxasınca sürünməyə vadar etməlidir. Əks təqdirdə onlar bizim üçün hadisələr və proseslər yaradacaqlar ki, biz də hər dəfə müdafiə pozasında bu proseslərin arxasınca sürünmək məcburiyyəti ilə üz-üzə qalacağıq”.

Ayşən Vəli